Azərbaycanda ilk əlilliyi olan aktyorlardan ibarət “Əsa” teatrı haqqında çoxlarınız eşitmisiniz… Truppası 20 nəfər fiziki məhdudiyyətli şəxslərdən ibarət inklüziv Teatr 2016-cı ilin sentyabr ayında təsis edilib. Teatrın ideyası Nihad Qulmazadəyə məxsusdur. “Əsa” teatrın direktoru isə Orxan Adıgözəldir. Qısa zamanda ərzində bu teatr bir neçə fərqli səhnə əsəri təqdim edib və xeyli sayda tamaşaçı sevgisi qazanıb. Fiziki məhdudiyyətin əngəl deyil müvəqqəti çətinlik olduğunu sübüt etmək istəyən gənclər, digərlərinə yaxşı nümunə olmağa çalışırlar. İstedadlı aktyorlardan ibarət “Əsa”çılar böyük səylə çalışırlar və öz işləri ilə cəmiyyətə bir mesaj göndərmək istəyirlər. Destekolaq.az saytının növbəti qonağı “Əsa” teatrının aktyoru, gənc istedad İmran Lalayevdir.

– Salam İmran, xoş gördük səni, necəsən?
– Salam, çox sağolun, mən hər zaman yaxşıyam, sizlər yaxşı olun. Təşəkkür edirəm.

– Yeni yaradılan “Destekolaq.az” saytı haqqında nə düşünürsən ?
– Çox gözəl bir saytdı, mən bunu yaradan və dəstək olan bütün insanlara təşəkkürümü bildirirəm. Tək sayt yox, düşünürəm ki, Azərbaycanda belə qurumlar daha çox olmalıdı, çünki köməyə ehtiyacı olan insanlar çoxdu. Mən eyni zamanda xalqımdan çox-çox xahiş edirəm ki, belə açılan qurumlara və saytlara biganə yanaşmasınlar, hər kəsin bir parça sevgiyə, qayğıya və diqqətə ehtiyacı var. Tək fiziki məhdudiyyətli insanlar deyil eyni zamanda kimsəsiz uşaqlar üçün yaradılan və digər problemləri olan insanları da nəzərə almaq lazımdı məncə.

– İstərdik ki sənin uğur hekayənlə tanış olaq. Peşə fəaliyyətinə necə başladın və hansı uğurlara imza atmısan, bu barədə danışaq…
– Mən həyatımda hər zaman çətinliklərlə və imtahanlarla mübarizə aparan bir insan olmuşam. Şükür ki o imtahanların uğurla öhdəsindən gəlmişəm və bildiyiniz kimi hal-hazırda “Əsa” teatrında aktyor olaraq çalışıram. Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kolleci bitirmişəm. Bir gün dostum mənə belə bir teatr var dedi, qoşula bilərsən. Əvvəlcə tərəddüd etdim çünki 4 il kollecdə oxumuşdum və düşünürdüm ki bu sahədə çalışacam. Amma

həyatda bəzən insanın yolları ayrılır. Həyat mənə belə bir şans verdi və mən bunu dəyərləndirdim. Artıq 1 il olar ki mən aktyor olaraq çalışıram və bir neçə tamaşada oynamışam: “Adamlar və siçanlar”, “Paris partladı tamaşası” və s. İnanıram ki, hər insanın

həyatında bu cür şans yaranır, təbii ki bu fərqli ola bilər əsas odur ki, düzgün qiymətləndirə biləsən. Hər çətinliyin sonunda bir uğur var və mən uğur qazanmağa davam edəcəm. İnşallah, Allah utandırmaz.

– Səhhətində baş verən problemlər nə vaxt yarandı?
– Hadisə 2013-cü il may ayının 24-ü baş verib. Qulağımda qulaqcıqlarla işə gedirdim, körpü var idi, körpünün altından qatar yolunu keçirdim… Körpünün dirəklərindən qatarı görmədim və eşitmədim. Qatar məni vuranda özümü atdım, iki ayağım qaldı… 21 yaşım var idi və mən bilirdim ki, ayaqlarımı artıq itirmişəm, özümü elə həmin gün buna hazırladım… Bu vəziyyətimə alışmağım da elə bir vaxt aparmadı. Heç kim həyatından sığortalanmayıb, sabah bu hər kəsin başına gələ bilər, əsas odur ki özünü güclü hiss edəsən, üsyankar olmayasan, fərq etməz çetinliyin nə olur olsun, həyatda mübariz olmaq lazımdır.

– Çətin anlarda sənə stimul verəm amillər və ya şəxslər kimlərdi?
– Birinci növbədə özüm özümə stimul verməyə çalışıram. Kim nə deyər, necə baxar deyə düşünmürəm və, təbii ki, ailəm sonra dostlarım və tanımadığım insanlar tərəfindən dəstək görürəm. Onlara hər zaman təşəkkür edirəm və demək istəyirəm ki, onlar hər zaman mənim dualarımdadırlar… Elə hər zaman da olacaqlar.

– Fiziki məhdudiyyət sənin üçün nə deməkdir?
– Mənim üçün fiziki məhdudiyyət yeni bir başlanğıc, yeni bir həyat deməkdir, çünki mən həmin hadisədən sonra tamamilə yeni bir insana çevrilmişəm və bu yaxşılığa doğru olub. Fiziki məhdudiyyətli olmaq həyatın sonu deyil. Mənim üçün xoşbəxtlik ayaqlarımın olmamasi ilə bitmir. Mən bunu hər yerdə deyirəm. İçimdə xoşbəxtliyi yaradan bir insanam. Düşünürəm ki, həyatda pulu, var-dövləti olan insan əgər xoşbəxt ola bilmirsə demək ki, bunlar boş şeylərdir. Əgər bir insan öz-özlüyündə xoşbəxt ola bilmirsə ətrafindakıları heç vaxt xoşbəxt edə bilməz, necə deyərlər, yaxşı bir insan axtarmaqdansa yaxşı bir insan ol…

– Destekolaq.az saytına nə arzu edirsən?
– Sizə birinci növbədə, təşəkkürümü bildirirəm və bol-bol uğurlar arzu edirəm. Ümid edirəm ki, sizin və digər gözəl insanların sayəsində Azərbaycanda və dünyada köməyə möhtac insanlar qalmayacaq. Hər birinizə uğurlar.. Dəvətiniz üçün təşəkkür edirəm.