Güc mübarizədən doğar deyiblər. Onun həyatı mübarizə ilə keçib. Anadangəlmə natamam-osteoqenez xəstəliyindən əziyyət çəkən gənc aktyor, “ƏSA” teatrının üzvü olan Elvin Mirzəyev destekolaq.az saytının suallarını cavablandırdı. Gəlin daha bir fikizi məhdudiyyətli dostumuzun həyat hekayəsi ilə tanış olaq və ondan ibrət almağa çalışaq.

***

  • Salam Elvin, xoş gördük səni, necəsən?
  • Xoş gününüz olsun, yaxşıyam, həmişə yaxşı olasınız.
  • Yeni yaradılan “Destekolaq.az” saytı haqqında nə düşünürsən?

– Düşünürəm ki çox gözəl, lazımlı və uğurlu layihədi. Bu layihə bir çox insanlara maddi durumunu yaxşılaşdırmağa və özünü, istedadını tanıtmağa yardımçı olacaq. Uğurlar sizə.

– İstərdik ki sənin uğur hekayənlə tanış olaq. Peşə fəaliyyətinə necə başladın və hansı uğurlara imza atmısan?

– Peşə fəaliyyətimə uşaqlıqdan başlamış sayılıram. Hələ uşaq ikən incəsənətə çox böyük marağım vardı, 8 yaşında kiçik də olsa şeirlər yazırdım və incəsənətin müxtəlif sahələrində az da olsa özümü sınamışdım, dərnəklərdə, kurslarda və s. iştirak edirdim. 2003-cü ildə isə o vaxtı “Dəcəllər” Uşaq Kukla Teatrı kimi tanınan dərnəkdə aktyor və performansçı kimi fəaliyyət göstərməyə başladım. Lakin bu məni qane etmirdi. Uşaqlıq, ambisiyalar məni bir çox peşə və sahələrə tərəf çəkirdi. Lakin anlayırdım ki, bütün sahələrlə məşğul olmağa ömrüm yetməz. 2005-ci ildə “Space” Telekanalında “İnsan Mənzərələri” verilişi mənim haqqımda sənədli film çəkmişdi. Həmin vaxt verilişin rejissoru anama demişdi ki, bu uşağı musiqiyə qoy gələcəkdə ondan yaxşı aktyor və rejissor olacaq, qoy musiqi duyumu olsun. Mən isə bu sözlərdən sonra aktyorluğun nə olduğunu araşdırmağa başlamışdım. Bu araşdırmamdan sonra aktyorluq  sənətinə vurulmuşdum. Çünki aktyorluqla məşğul olmaqla mən bütün sahələrdə özümü sınamış olacaqdım. Hər hansı bir personajı oynadıqda onun məşğul olduğu sənəti, işini də canlandırmaq üçün mən az da olsa həmin sahədə biliklər toplamalı və həmin sahə ilə maraqlanmalı idim. Uğurlara gəldikdə isə düşünürəm ən birinci, böyük uğurum sevdiyim sahəni tapmaq  və həmin sahə ilə məşqul olmağım oldu. Çünki hər adam sevdiyi sahəni illərlə tapa bilmir, tapsa belə o sahə ilə  məşğul ola bilmir. Digər uğurlarıma gəldikdə isə yetəri qədər uğurlarım var, onları saysam müsahibə çox uzun olacaq və heç kəsin oxumağa səbri çatmayacaq (Red. gülür). Keçmiş uğurlarım artıq olub və bitib. Yeni uğurların və nailiyyətlərin ardınca getmək lazımdı. “Əsa” teatrına gəlişim də elə bununla bağl idi. İlk dəfə incəsənətə 1 illik ara verdikdən sonra digər işlə məşğul olurdum. Lakin 1 il işlədikdən sonra ofis işlərinin məni necə sıxdığını gördüm. İşdən ayrılmağa qərar verdim. Həmin vaxt teatrımızın ilk direktoru olan Murad Məmmədovla “Erasmus +” çərçivəsində keçirilən “We can do it” layihəsində iştrak etdim.Onunla söhbətimiz zamanı işdən çıxdığımı və aktyorluqla məşğul olmaq istədiyimi demişdim. O isə mənə Nihad Qulamzadənin ideyası barədə dedi. Nihadı daha əvvəl də tanıyırdım və az da olsa fəaliyyəti ilə tanış idim. Ondan sonra Nihadla görüşüb danışdıq və bu ideyanın mənim üçün necə möhtəşəm şans oldğunu anladım. Bir düşünün uğur qazanmağı xoşlayan insan kimi Azərbaycanın ilk İnklüziv teatrında ilklərdən biri olub aparıcı aktyor kimi fəaliyyət göstərəcəm və bir tarixə imza atacam. Mən bu fürsəti əldən verə bilməzdim.

-“ƏSA” teatrında çalışmaq sənə nə qazandırdı?

– “Əsa” Teatrında çalışmaq mənə yeni uğurlar, yeni dostlar yeni tamaşaçılar qazandırdı. Bundan əlavə “Əsa” Teatrı Azərbaycanda bir çox əlilliyi olan şəxslər üçün stimul və ümumən hansısa işə başalamaq istəyən insanlar üçün nümunə oldu. Əgər doğurdanda hər hansısa işə başlamaq istəyirsənsə sənə özündən başqa heçnə mane ola bilməz.

– Səncə fiziki məhdudiyyətli insanların işlə təmin olunmasında mövcud maneələr nə ilə bağlıdır?

– Əlilliyi olan şəxslərin işlə təmin olunmasında bir çox maneələr var. Burada insan faktoru, infrastruktur, ictimai nəqliyyat və digər amillər də yer alır. Lakin  mən belə düşünürəm ki, ən böyük maneə insanın özüdü.

Səhhətində baş verən problemlər nə vaxt yarandı?

– Səhətimdə baş verən məhdudiyyət doğuş zamanı olub. Doğulduğum zaman natamam-osteoqenezlə doğulmuşam. İnternetdə araşdırdığıma görə, bu cür insanları xrustal insanlar adlandırırlar. Deyilənə görə, gələcəkdə sümüklərim daha həssas, tez qırılan olacaq və gələcəkdə eşitmə qabliyyətimi də itirə bilərəm. Doğuş zamanı 4 sınıqla və 8 aylıq dünyaya gəlmişəm. Buna görə həkimlər valdeyinlərimə yaşamayacağımı demişdilər və məndən imtina etmələrini tövsiyyə etmişdilər. Çünki çox zəif doğulmuşdum. Ümumən sağ dünyaya gəlməyimin özü bir möcüzə idi. Lakin anamın təkidi nəticəsində məni xəstəxanada qoymadılar. Əgər indi yaşayıramsa və bu yerlərə gəlib çıxmışamsa buna görə anama borcluyam.

– Çətin anlarda sənə stimul verəm amillər və ya şəxslər kimlərdi?

Çətin anlarda mənə stimul verən amillərdən ən başlıcası öz həyatımda yaşadıqlarımdı. İlk başlarda çətin idi. Uşaq olarkən mənim ilk dostlarım qapı qonşularımız idi. Elə ilk dəfə həyətə onlarla çıxmışam. Onlar mənə alışmışdılar, amma digərləri yox. Ona görə də əvvəllər mənə qəribə baxırdılar hətta başqa məhəllədən gəlib mənə baxanlarda olurdu. Onlar məni daşlayırdılarda. O zamanlar uşaq olduğum üçün bunu çox anlamırdım hətta mənə maraqlı gəlirdi. Elə bilirdim oyundu. Biz də üçümüz onlara xırda daşlar atırdıq. Sonralar digərləridə öyrəşdi mənə. Hər şey öz qaydasına düşdü. Nitsşenin belə bir deyimi var: “bizi öldürməyən şey gücləndirir”. Əgər bunlara baxmayaraq hələ də ayaqdayamsa deməli bütün çətin zamanlarda mübarizə aparmaqla həmin çətinliklərin öhdəsindən gələcəm.

Fiziki məhdudiyyət sənin üçün nə deməkdir?

– Fiziki məhdudiyyət mənim üçün sadəcə bir hal və öz üzərində daha çox işləmək deməkdi. Fiziki məhdudiyyət əngəl və məhdudiyyət deyil. Əgər fiziki məhdudiyyətin varsa bu dünyanın sonu və yaxud öləcəyin anlamına gəlməz. Ona görə də təslim olmaq lazım deyil əgər yaşamaq və yaşamaqdan həzz almaq istəyirsənsə mübarizə aparmalısan. Çünki həyat zəifləri sevmir.

– “Destekolaq.az” saytına nə arzu edirsən?

– “Destekolaq.az” saytının bütün kollektivnə yeni uğurlar, yeni nailiyyətlər arzulayıram. Qoy sizin sayt bütün istedadlı insanları üzə çıxarsın və onlara istedadını inkişaf eləməkdə vasitəçi olsun. Müsahibəyə görə təşəkkürlər.