***

Salam Tural, xoş gördük səni, necəsən?

Salam çox sağ olun, yaxşıyam. Sizi görüb daha da yaxşı oldum.

“Destekolaq.az” portalı barəsində nə düşünürsən?

Düşünürəm ki, bu portal gənclərə daha çox dəstək olacaq. Həmçinin fiziki məhdudiyyətli gənclərin cəmiyyətə inteqrasiyası, onların işlə bağlı maarifləndirilməsi işində yararlı olacaq. Bu layihənin mənim üçün də müəyyən faydası olacağını hesab edirəm.

İstərdim ki, “destekolaq.az” portalının ziyarətçilərinə özüm haqqında məlumat verəsən…

Ukraynanın Xarkov Milli Aviasiya Universitetini bitirmişəm. İşgüzar sahədə “ASAN Könüllüləri” Təşkilatı həyatımda böyük rol oynayıb. Burada böyük təcrübə qazandım, nailiyyətlərim oldu. Bilmədiklərimi öyrəndim. Bu mənim üçün demək olar ki bir həyat məktəbi oldu.

“ASAN Könüllüləri” Təşkilatında əldə etdiyin təcrübə sənə nə qazandırdı?

Bu təcrübə sayəsində mən ilk növbədə özümü inkişaf etdirə bildim. İkincisi, komandada iş bacarığı, vətəndaşlarla ünsiyyət, davranış qaydaları qazandırdı. Həmçinin yeni dostlar qazandım. Məncə bunlar hər şeydən önəmlidir.

Bu vaxtadək iş təklifləri almısanmı?

.. Əslində şərait yaradılır. Sadəcə bu fürsətdən yaralanmaq lazımdır. Bəzən fikizi məhdudiyyətli insanlara laqeyd yanaşılır.

Fiziki məhdusiyyətli olmaq sənin üçün nə deməkdir?

Fiziki məhdudiyyətli deməzdim… Adını qoyublar biz fiziki məhdudiyyətli gənclərik heçnə edə bilmərik. Ancaq belə deyil. Düşünürəm ki, biz özümüzü elə təqdim etməliyik ki, fiziki məhdudiyyətli olduğumuz hiss olunmasın. Digər insanlar kimi öz işimizə məsuliyyətlə yanaşaq və bizə olan etimadı doğruldaq.

Səhhətinlə bağlı nə deyə bilərsən?

3 yaşından eşitmə problemindən əziyyət çəkirdim. 18 yaşınadək hər iki qulağımdan əməliyyat olundum. Problemlərim çox idi. Şükürlər olsun ki əməliyyatdan sonra qaydasına düşdü. Eşitmə apparatından istifadə etdiyimə görə bəzi problemlər yaşayırdım. Hazırda ildə bir-iki dəfə həkim müayinəsindən keçirəm. Ciddi bir problemim yoxdur.

Çətin günlərində sənə kimlər dəstək olur?

Mənə ən böyük stimul verən ailəmdir. Onlar hər zaman mənə dəstək oldular. Bundan sonra da dəstək olacaqlar. Eşitmə çətinliyi ilə bağlı bəzi problemlərim olurdu, narahat olurdum… Həmin anlarda atam-anamın mənə dəstək verməsi o problemləri aradan qaldırdı.

“Destekolaq.az” komandasına nə arzu edirsən?

Uğurlar arzu edirəm. Təşəkkür edirəm ki, biz gənclər üçün bu cür şərait yaradırsınız. Bu cür şəraitin yaradılması bizdə özünəinam hissini daha da artırır. Həm də iş tapmaq barəsində daha böyük həvəs yaradır.