Boyu qısa olsa da, arzuları böyükdür. Destekolaq.az saytının növbəti qəhrəmanı anadangəlmə axondroplasiya (karlik) xəstəliyindən əziyyət çəkən 40 yaşlı Riad Sultanovdur. “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin sədr müavini olan Riad aktyor və uşaq tədbirlərində animator kimi çalışır. Həyatda çox çətinliklərdən keçən Riad, öz uğur hekayəsini destekolaq.az saytı ilə bölüşdü. 2-ci qrup əlil olan Riadın, eyni zamanda olduqca maraqlı həyat hekayəsi var. Özündən fərqli olaraq o, hündürboylu bir xanımla ailə qurub. Və xoşbəxtdir. Ümid edirik ki, onun həyat hekayəsi çoxlarına yaxşı mənada dərs olacaq.

***

Riad bəy, xoş gördük sizi, necəsiniz?

Çox sağ olun, yaxşıyam, siz yaxşı olasınız.

Destekolaq.az saytı ilə bağlı nə düşünürsünüz?

Əvvəla onu deyim ki, dəstək sözünün özü çox şeydən xəbər verir. Bu söz ancaq müsbət hisslər, təəssüratlar yaradır. Bu işinizdə sizə sidq ürəkdən uğurlar, müvəffəqiyyətlər arzulayıram. Xoş niyyətli bir işdir. Allah destekolaq.az saytının ömrünü uzun eləsin.

Sizin uğur hekayəniz nədən başlayıb?

Yalan olmasın, bu vaxtadək hardasa 7-8 sayt üçün bu barədə müsahibə vermişəm, odur ki istəməzdim təkrarçılığa yol verim. Ona görə çalışacam fikirlərimi bir qədər fərqli tərəfdən sizə çatdırım. Baxın, hazırda biz burada oturmuşuq və nə qədər insan ətrafımızdan keçir. Bəlkə bir 100 nəfər ətrafımızda var. İlk baxışdan zahirən hamı eynidir. Lakin heç kim bir birinə oxşamır. Allah-Təala belə qismət edib ki, mən xaricdə yaşayan tanınmış simalardan birinə oxşayıram. O simalardan biri Fransada, biri isə Amerikada yaşayır.

Siz Fort Boyard tele-layihəsində çıxış edən aparıcıları nəzərdə tutursunuz (Paspartu və Pastan)?

Bəli. Mən özüm bir neçə il bundan öncə Fort Boyard tele-layihəsində iştirak eləmişəm. Elə oldu ki, o insanlar bura gələn zaman ATV Telekanalında çalışan dostlarım mənə zəng vurub zarafatla dedilər ki, “Riad dostların gəlib”. Soruşdum kim gəlib? Dedilər ki, Fransada Fort Boyardda iştirak edən aktyorlar. Mən çox sevindim, dedim ki, onlarla məmnuniyyətlə görüşərdim. Və getdim onlarla məskunlaşdıqları mehmanxanada görüşdüm. Mənə baxdılar və, inanırsız, məni kimə ki oxşadırlar həmin o aktyor məni görəndə təəccübdən ağzı açıq qalmışdı. Mən ikisi ilə də salamlaşdım, qucaqlaşdım onlarla. Onlar da həmçinin. Biz Azərbaycanlılar istiqanlı millətik. Xatirə şəkili çəkdirdik və s. O vaxt yadımdadı küçədə gəzəndə tez-tez eşidirdim ətrafdakılar deyirdilər, “bu oğlana baxın, bu oğlan Fort Boyardda iştirak edən oğlandı”. Bu cür, bu cür, günlərin bir günü ağlıma bir fikir gəldi ki, niyə mən bu populyarlığımdan, yəni bu cür oxşarlığımdan istifadə eləmirəm? Bundan sonra uşaq ad günlərinə getməyə başladım, yəni məni artıq dəvət etməyə başladılar. Ən çətini başlanğıc idi. Belə-belə çox qısa bir müddətdən sonra hardasa 2 ay keçmədi ki, mən artıq məcbur oldum ki, özümə vizitkalar hazırlayım. Yenə çox keçmədi günlərin bir günü məni ATV Telekanalından dəvət elədilər. Mənə ATV-nin aparıcıları ilə birlikdə çəkilən bir layihədə baş rollardan birini verdilər. Layihə çərçivəsində biz Qubada “Otel X” (Qış nağılı) filminin çəkilişlərinə yollandıq. Mən, ümumiyyətlə komplekssiz insanam. Amma bu filmə dəvət alanda çox həyacan keçirtdim, fikirləşirdim ki, görəsən mən bu işin öhdəsindən gələcəm yoxsa yox, çünki adi animator vəzifəsində işləyirdim. Amma öhdəsindən gəlməyi bacardım. Hətta məni tərifləyidilər ki, əhsən sənə, çox gözəl və s. Günü bu günə kimi mənə çoxlu təkliflər gəlir, amma mən hər bir təklifi də qəbul etmirəm. Nəyə görə? Çünki əziyyət çəkib hardasa çəkiləcəyəmsə, istəyirəm ki, əziyyətimi yetərincə qiymətləndirsinlər. Həmdə mən fiziki cəhətdən digər insanlardan fərqli olaraq tez yoruluram. Ona görə havayı yerə gücümü sərf edə bilmərəm.

“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin fəaliyyəti barədə nə deyə bilərsiniz?

Fəaliyyətimiz genişdir. Uzağa getməyək, məsələn, keçən ayın sonlarında Cəmiyyət üzvləri Moskvaya səfərə yollanmışdı. Müğənni Murad Sadıx da getmişdi. Moskvada əlillərin mədəniyyətlə bağlı tədbiri təşkil olunmuşdu. Düzdü, mən gedə bilməmişdim, çünki bir gün ondan əvvəl Tərtərə getməli idim, Tərtərdə “N” saylı hərbi hissədə əsgərlərlə görüşümüz nəzərdə tutulmuşdu. Ümumiyyətlə bu cür tədbirlərimiz çox tez-tez olur. Sağolsunlar hər cür dəstək göstərənlər də var, səfirliklərdən, nazirliklərdən qonaqlar iştirak edir, bizi sayıb gəlirlər.

Fizin üçün fiziki məhdudiyyət nə deməkdir?

Bilirsiz insan hər bir mühitə alışır. Və zaman keçdikcə buna adi baxır. Elə bil ki belə də olmalıdır. Mən o qədər də fiziki məhdudiyyət hiss eləmirəm. Bir maraqlı hadisəni danışım sizlərə. Məsələn, keçən həftə banka getmişdim. Əvvəlcə yaxınlaşdım mütəxəssisə. O, kompüterdə bir blank dolduraraq çapa verdi və mənə kassaya yaxınlaşmağımı əmr etdi. Mən kassaya yaxınlaşdım. Ən maraqlısı isə bundan sonra başladı. Məsələ burasındadır ki, kassa köşkündə əyləşən kassir məni görmürdü. Kassanın pəncərəsi mənim başımın üstündəndə yuxarı səviyyədə idi. Yəni kassir məni görmək üçün ən azından yerindən durub boylanmalıdır. Əslində, mən hər bir yerə gedəndə insanlara pozitiv enerji bəxş etməyi xoşlayıram. Bir var əla salmaq, bir var zarafat. Deyirlər, zarafat elə olar ki, hər iki tərəf üçün gülməli olsun. Bir tərəf gülmürsə, o artıq zarafat deyil. Belə ki, mən sənədlərimi qaldırıb bayraq kimi yellədim. Kassir xanım idi. Bunu görüb ayağa durdu və məni gördü. Sənədlərimi verdim. Sonra dedi bura qol çəkin. Mən də dedim ki, maşallah bu pəncərəni nə alçaq eləmisiniz biraz da yuxarı qaldırardız da. O mənim fikrimi başa düşdü. Yəni belə xırda şeylərdə narahatlıq hiss edirəm. Lakin başqa şeylərdə, demək olar ki, alışmışıq hər şeyə.

Boyunuz neçədir?

134 sm.   

İnsanlar sizi görəndə ilk baxışda gənc olaraq qəbul edirlər, baxmayaraq ki, yaşca daha böyüksünüz. Bu baxışlar sizdə hansı təəssürat yaradır?

Mən bir çox xarici ölkələrdə olmuşam: Ukraynada, Rusiyada və s. amma heç yerdə görmədim ki, mənə yad planetdən gələn bir məxluqa baxırmışlar kimi baxsınlar. Yəni oralarda bir dəfə də olsun görmədim ki kiçikdən böyüyə kimsə mənə qeyri-adi baxışlarla baxsın. Əksinə hörmət, izzət görmüşəm. Amma burada bəzən adam belə bir şeylərnən rastlaşır. Mən artıq buna öyrəşmişəm, bu mənim üçün adi bir şeydi. Necə ki, ayaqqabı ayağı döyür-döyür, sonra həmin yer qabar olur və artıq heç bir şey hiss eləmirsən, bax o cür vəziyyətdir. Amma bəzən elə bir şeylər baş verir ki, düşünürsən, uşaq bunu eləsə dərd yarı, deyirsən bu uşaqdı da, bu hələ çox şeyi qanmır, ya da ki, ola bilsin, bunun valideyinlərinin vaxtı olmayıb uşağına tərbiyə versinlər, amma bəzən görürsən ki, o hərəkəti böyük bir adam edir, belə halda artıq adamın nitqi quruyur. Bilmirsən nə deyəsən, nə fikiləşəsən. Adam var, gözlərini zilləyir, hələ yanındakına da işarə edir ki, bir ona bax. Nə var nə var mənim boyum fərqlidir. Mən bunu zəkası biraz dar adamların davranışına bənzədirəm.

Kompleks baryerlərini necə aşmaq lazımdır?

Belə anda artıq cəmiyyətin köməyi lazımdır. Mənim, məsələn, əlim ayağım var. Mənim ən azından avtobusa minmək, ictimai nəqliyyatdan istifadə etmək imkanım var. Amma elə insanlar var onlar əlil arabasındadırlar. Onların aylıq təqaüdləri azdır. O cür insanların ayda cəmi 1 dəfə imkanı çatar ki, taksidən istifadə edib şəhər çıxsınlar. Nəqliyyatda şərait olsa o insanlar üçün də rahat olar. Amma biz yalnız nəqliyyatdan danışırıq. Bir çox sahələrdə bu cür problemlər var.

Fiziki məhdudiyyətli insanların sağlam cəmiyyətə inteqrasiya olunmaları üçün nə tövsiyyə edirsiniz?

Məsləhət vermək asandır. Hər hansı bir peşə sabihi olmaq üçün, məncə, insan heç var özünə qapanmamalıdır. Həyatda əsas hədəfdir. Qarşına hədəf qoyub nəyin bahasına olursa olsun çalışmalısan ki, o hədəfə çatasan. Lap sürünə-sürünə də olsa gedib o hədəfə çatmaq lazımdır. Adam var deyir ki, hə mənim hədəfim var e… Amma başa düşürsən ki, onda alınmayacaq. Çünki o hədəf qoyub və bütün günü evdə uzanıb əlində telefon o sayta girir bu sayta girir. Düzdü internetdə nəyisə öyrənmək olar amma əgər sən durub səhərdən axşama kompüterdə maşın oyunu oynayırsansa, 20 il də keçsə sən o hədəfə çata bilməyəcəksən. Yəni hərəkət eləmək lazımdır. Deyirlər, gəzən ayağa daş dəyər. Mən belə fikirləşirəm.

Sizin həyatda hədəfiniz nədir?

Hədəf mənə görə bir arzu deməkdir. Mən istəyərdim ki, Allah mənə elə bir imkan versin ki, gözüm görən, qulağım eşidən heç bir nəfəri nəzərsiz buraxmayım. Və əlimdən gələni o insanlara edim, dəstək olum. Çünki vaxtı ikən mən özüm möhtac idim. Balam 6 dəfə başından əməliyyat olunanda Azərbaycanda heç kəs onun müalicəsini üzərinə götürməmişdi, biz məcbur olmuşduq Türkiyəyə gedək. Amma mənə kömək olundu. Onda bu hissi yaşadım. Fikirləşdim ki, Allahım mənə də bir imkan ver ki, gələcəkdə məndə kiməsə belə təmənnasız dəstək olum.

Animator kimi uşaq tədbirlərinə tez-tez gedirsiniz. Ümumiyyətlə uşaqları əyləndirmək asandır?

Hər bir insan öz sənətini sevməlidir. Bir var sırf pul qazanmaq məqsədi ilə tədbirlərə gedəsən o tam ayrı. Amma mənim üçün bu işdə pul o qədər önəm daşımır, nəinki uşaqlara qarşı sevgim. O sevgi olandan sonra maddiyat artıq ikinci plana keçir. Düzdü, 10 uşağın içində bir dənə dəcəl keçi hər zaman tapılır, o sözsüz. Məsələn, istəyirsən horovod gedəsən, hamı başa düşür ki əl-ələ tutmaq lazımdır, biri məsələn əlini vermək əvəzinə durub təpik atır. Soruşursan ki, bu uşağın valideyini kimdi, görürsən ki valideyinin başı kənarda söhbətə qarışıb. Elə olur məni eyni gündə iki müxtəlif tədbirə dəvət edirlər. Onlardan biri pullu digəri xeyriyyə tədbiri olur. Mən vicdanımla deyirəm ki, zəng vurub pullu tədbirdən imtina edirəm və xeyriyyə işinə gedirəm. Çünki yenə deyirəm ilk növbədə insaniyyətdir. Mənə bu işə ən böyük təkan verən amil balamın vəfat etməsi oldu. Mən öz balamı itirdim və uşaq tədbirlərinə gedəndə özümdə təskinlik tapıram.

Ailə qurduğunuz xanım sizin kimi bir insandır?

Xeyir, adi bir insandır.

Necə oldu onunla ailə qurdunuz?

Çox maraqlı nöqtəyə toxundunuz, əslində hər zaman çalışırdım bunu sirr kimi saxlayam amma sirr kimi saxlamağın da nə faydası var. İndi danışaram. Hardasa 2010-2011-ci illər idi. O illərdə mənə çox çətin idi, cəmi 35 manat təqaüd alırdım. Halbuki mənə I qrup əlillik dərəcəsi düşürdü. O vaxtlar mənim yanımda nə atam nə anam yox idilər, qardaşlarım da hərəsi öz hayında idi. Allah heç bir ailəni ata-anasız eləməsin. Mən fikirləşirdim ki, necə edib? Harda işləyim? Hara gedib? Mənə dedilər ki, vəziyyətimə görə, mənə hər yay pulsuz müalicə, torpaq sahəsi və s. imtiyazlar düşür. Məsləhət gördülər ki düş bu işin üstünə qoy dövlət tərəfindən sənə bir iş versinlər. Amma bunun üçün gərək bir nəfər sənin istəyini qısa və yığcam formada məktub şəklində yazıb göndərsin. Bu məsləhət mənə bir ümid verdi ki, həyatımda nəsə yaxşılığa doğru dəyişə bilər. Mən başladım belə bir yaxın adam tapım ki mənə təmənnasız olaraq bu cür ərizə yazsın. Dostlarım məni bir xanımın yanına yönəltdilər. Həmin xanım redaktor qismində çalışırdı. Getdim onun yanına. Danışdıq, dedi ki, problem yoxdu yazaram. Onun nömrəsini götürdüm. Başladıq vaxtaşırı məktubla bağlı yazışmağa. Beləcə əlaqəmiz yarandı. Ərizəm hazır oldu, göndərdik. Mən işlə bağlı müraciət ünvanladım. Elə oldu ki, Ramazan ayında birinci əhya gecədi idi. Mən də həmişəki kimi orucumu tutub namazımı qılırdım. O ərəfədə artıq hiss edirdim ki bu xanım mənim xoşuma gəlir. Amma bu hisslərimi ürəyimdə öldürmək istəyirdim. O gecə məscidin abu havası mənim ürəyimi elə bil coşdurdu. Ona yazdım ki, mən səni o qədər çox istəyirəm ki, demək olar ki sevmişəm. Bir sözlə, sevgimi ona etiraf elədim. Amma yazdım və dərhal üzümü çevirdim ki görməyim yazdığımı. Qorxurdum ki, insandır da, hər adam bunu qəbul eləməz. Birdən inciyər. Çünki bu məsələdə əvvəllər acı təcrübə yaşamışdım. Nəisə mən sms-i göndərdim, baxdım cavab yoxdu. Yarım saat keçdi, cavab yoxdu. Fikirləşdim ki bəlkə düz eləmədim. Amma nəhayət cavab gəldi. Başa düşdüm ki, hər şey mənim istədiyim kimidir. Sevindiyimdən ağladım. Ondan sonra başladıq görüşməyə. Birinci görüş mənim üçün çətin idi. Üzünə baxmağa utanırdım. Baxmayaraq ki əvvələr işlə bağlı görüşmüşük. Mənim artıq 33 yaşım var. Fikirləşdim ki vaxtımı çox itirməyim. Çox uzatmadan ondan hə-yoxunu alım. Məsləhətləşdik, qardaşı ilə görüşdüm. Hər tərəfli söhbət elədik. 3 aydan sonra toy elədik.

Riad bəy, sonda destekolaq.az saytına nə arzu edirsiniz?

Mən istərdim ki ilk növbədə sizin əziyyətinizi Allah Təala yerə vurmasın. Allah eləsin ki dəstək olduğunuz insanlara qısa zamanda yardım olunsun.