– Salam Murad, xoş gördük səni. Necəsən?

– Salam, təşəkkür edirəm. Minnətdaram ki, “dəstəqolaq.az” saytı üçün məndən müsahibə alırsınız. Mənə çox xoşdur. Hər kəsi salamlayıram.

 

– “Dəstəqolaq.az” saytının xüsusi bölməsi uğur hekayələrini təqdim edir. Sənin uğur hekayən nədən başlayır?

– Azərbaycanda mənim demək olar ki, hər kəsin tanıdığı bir mahnım var – “Sevməsəm ölərəm”. 18 yaşından professional səhnədəyəm və məni bir çoxları bu mahnımla tanıyır. “Sevməsəm ölərəm” mahnısından bir müddət sonra Moskvada Rusiyanın “1-ci kanalı”nda (red. «Первый канал» ) yayımlanan “Пусть говорят” verilişinə dəvət aldım. Orda “Я люблю тебя до слез” mahnısını ifa etdim. Bu mahnı da mənə çox böyük uğur gətirib. “Пусть говорят” verilişində çıxışımdan sonra mən bir çox ölkələrə qastrol səfərləri dəvəti aldım. “Звезда надежы” festivalında Rusiyanın Sankt-Peterburq şəhərinin meri tərəfindən diplomla təltif olundum. Moskvada Qran-Pri mükafatına layiq görüldüm. Rusiyanın 1-ci kanalının rəhbəri Konstantin Ernstın istəyi ilə “Пусть говорят” verilişi məni artıq 2-ci dəfə dəvət elədi. Həmin verilişdə mən Azərbaycan mahnılarını ifa etdim. 1-ci dəfə olduğu kimi rusiyalı tamaşaçılar məni yenə də böyük alqışlarnan qarşıladılar. Məndən akapella şəklində ifa etməyi xahiş elədilər. Mən Rəşid Behbudovun repertuarından olan “Küçələrə su səpmişəm” və “Bahar sənsiz” mahnılarını ifa etdim. Bu vaxtadək Azərbaycanda da bir çox mükafatlara layiq görülmüşəm. 19 yaşımda Heydər Əliyev Sarayında “Yaşayıram oxumaq üçün, oxuyuram yaşamaq üçün” solo konsertim baş tutub.

– Sənin üçün fiziki məhdudiyyətli olmaq nə deməkdir?

– Fiziki məhdudiyyətli olmaq o demək deyil ki, artıq həyat bitib və bunu özünə dərd etməlisən. Fiziki məhdudiyyət o deməkdir ki, bir insanın sadəcə hansısa bir problemi var. Mənim bir gözüm zəif digəri isə ümumiyyətlə görmür, bəziləri elə bilir ki, mən ümumiyyətlə görmürəm, xeyir. Sağ gözümdə görmə qabiliyyəti var. Əsa ilə gəzirəm. Mən fiziki məhdudiyyətli insanlara burdan üzümü tutub demək istəyirəm ki, fiziki məhdudiyyət son deyil. Əgər sən rəssamsansa öz bilik və bacarığını rəssamlıqda göstərə bilərsən, müğənnisənsə öz səsini, istedadını insanlara nümayiş etdir… Əsas odur ki, insanın niyyəti yaxşı olsun, istedadı olsun. Sadəcə utanmaq lazım lazımdır. Bəziləri utanır, çəkinir. Bəli, bu hiss məndə də var idi. Amma mən o hissi özümdən uzaqlaşdırdım. Heç vaxt istəməmişəm ki, mənə kiminsə yazığı gəlsin və yaxud əlilliyimə görə mənə dəstək olsunlar. Mənim səsim olmasa idi mən bu sənətdə olmazdım. Adi bir tamaşaçı kimi kənardan oturub izləyərdim. Mən heç vaxt əlilliyimdən istifadə etməmişəm. Səsim var, ifaçıyam. Tənqidi də normal qarşılayıram. Bugünkü gün məni sevənlər də çoxdu.

– Ruhdan düşməmək üçün sənə kim dəstək olur?

– İlk növbədə valideyinlərimə dərin təşəkkürümü bildirirəm, atama və anama. Atamı hətta artıq prodüser kimi də tanıyırlar (red. Gülür). Biz tədbirlərdə atamla birlikdə oluruq. Atamın dəstəyi çox böyükdür. Təbii ki, anamın da. Ruhdan düşəndə əlbəttə ilk öncə atam, anam dəstəyimə gəlir. O cür çətinliklərdən çıxmağı bacarıram. Mən çox az özünə qapanan adamam. Özünə qapananda da əlilliyimə görə qapanmıram. Mən özümü əlil hesab etmirəm. Təbii ki, çətinliklər var. Amma özünə qapanmaq düzgün deyil. Mən fikirləşirəm ki, Allah-Təala məni bu cür yaradıb və bu günümə şükür edirəm. Ümumiyyətlə şükür etməyi bacaran insanam. Bir daha fiziki məhdudiyyətli insanlara və onların valideyinlərinə səslənirəm, əlillik son demək deyil.

– “Dəstəkolaq.az” saytının kollektivinə nə arzu edirsən?

– Əlbəttə ki, uğurlar arzu edirəm. Zirvələrdə olsunlar. İnanıram ki, “dəstəkolaq.az” saytı vasitəsi bir çoxları öz istəyinə çatacaq. Fiziki məhdudiyyətli insanlar adi insanlardan heç nə ilə seçilmirlər, onlar da hamı ilə bərabərdirlər. Seçilənlər sadəcə olaraq istedadı və yaxud peşəsinə görə seçilirlər. Odur ki, bu cür problemlərlə özlərini üzməsinlər. Mən çox şadam ki, bu cür sayt yaradılıb və fəaliyyət göstərir. Hər birinizə uğurlar arzu edirəm.

Muradın mükafatları: