Sağlamlıq imkanları məhdud Azərbaycan vətəndaşlarının əmək bazarına cəlb edilməsində hər birimiz maraqlı olmalıyıq. Dövlətimiz əlilliyi olan şəxslərin təhsilinə və sosial inteqrasiyasına böyük diqqət ayırır, onların reabilitasiyasına və hərtərəfli inkişafına təminat verir. Çünki onlar cəmiyyətimimiz bir parçasıdır və bu şəxslərin işlə təmin edilməsi gələcəkdə iqtisadiyyatımızın, məhsuldar əmək mühitinin inkişafına öz töhfələrini verəcək. “Dəstək bir addım qədər yaxındır” şüarı ilə fəaliyyət göstərən destekolaq.az saytı sağlamlıq imkanları məhdud şəxslər, əmək qabiliyyəti olmayan əlillərin ailə üzvləri, həmçinin internat məktəblərini bitirən məzunlara kömək etmək məqsədi ilə bu qəbildən olan soydaşlarımızın həyat hekayələrini sizə təqdim edir. Bu dəfəki qonağımız Sağlamlıq İmkanları Məhdud uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbinin məzunu, istedadlı gənc Möhüb Ağamaliyevdir.

***

Salam Möhüb, xoş gördük səni, necəsən?

Salam. Çox sağ olun, yaxşıyam.

Səni tanımaq istərdik, biraz bizə özün barəndə danış…

Mən Bakı şəhəri Pirallahı qəsəbəsində doğulmuşam. Burada boya-başa çatmışam. Pirallahındakı 2 nömrəli xüsusi internat məktəbinin məzunuyam. Hal-hazırda işsizəm. Amma şadlıq evlərində iş olanda operator yanında köməkçi işləyirəm. Həyatım biraz çətinliklərlə dolu olub. Xəstəliklər keçirtmişəm. Hazırda bir qulağım ümumiyyətlə eşitmir, bir müddət nitqimdə problemlər olub, müalicələrə getmişəm.

Nədən başladı səndə bu problemlər?

Pirallahıda orta məktəbdə oxuyurdum. Dəsrdən çıxıb evə gedəndə, hiss elədim qulağımda nəsə partladı. Sinif uşaqları başlığımın içinə “partladan” atdılar. Bundan sonra bir qulağım tamam eşitmədi. O biri qulağım da zəif eşidirdi. Nitqimdə də biraz problem yarandı, o da müalicələrdən sonra düzəldi. İndi biraz arada kəkələməm olur. O da aradan qalxır. Hamısı qorxudan olmuşdu. Əvvəl məndə heç bir problem olmayıb. Bu hadisədən sonra hər iki qulağımda problem oldu. Valideyinlərim tez üstünə düşdülər, həkimə apardılar. Daha sonra məni Şüvəlandakı xüsusi internat məktəbinə qoydular. Həmin məktəbin məzunu olmuşam.

Destekolaq.az saytı sənin kimi iş axtaran gənclərə dəstək olmağa hazırdı. Sən hazırda hansı sahədə işləyə bilərsən?

Bağban işləyə bilərəm. Yaşıllaşdırma Təsərrüfatı Birliyinə müraciət etmişəm. Əslində, musiqi ilə məşğulam, özümün nağaram var. Nağara təhsili almışam, nağarada ifa edə bilirəm. Pirallahıda musiqi məktəbini oxumuşam. Radio və televiziyaya həvəsim çoxdu. Bir çox yerlərə müraciət eləmişəm. Arada bir şeir də yazıram. Düzdü, bu işdə yaxın bir qohumum kömək edir. Yazılarımı qəzetlərə verirəm. Xeyriyyəçilik haqqında yazıram. (red. Möhüb Ağamaliyevin Həyat Fondunun rəhbəri Hacı Nurana həsr etdiyi şeiri “Yurd sevgisi” qəzetində nəğməkar şairə Şərafət Dağıstanlının redaktəsi ilə dərc olunub, bax: №28 (52) 15 may – 15 iyun 2018-ci il. Şeirin tam mətnini təqdim edirik:

Azərbaycanın sevimli oğlu, humanist, vətənpərvər, xeyirxah Hacı Nurana ithaf edirəm…

***

Xeyirxahı yurdumuzun,                                                                     

Görüm olsun, ömrün uzun,

Sən xeyirxahlıq ulduzu.

Hacı Nuran, Hacı Nuran.

Qoy keçməsin həyatından,

Bircə anın acı, Nuran.

***

Yaxşılığa kəmənd atan,

Xalqın fəryadına çatan.

Saxlasın səni yaradan,

Bəlalardan Hacı Nuran.

Qurtaransan çətin gündə,

Bizi dardan Hacı Nuran.

***

Kimsəsizin tərəfdarı,

Xəstələrin xilaskarı.

Yaşa ömrün yüz baharı,

Bu xalq üçün Hacı Nuran.

Xeyirxahlıq işığını,

Qapılara saçdı Nuran.

***

Mərhəmətin yağışı tək,

Yaxşılığın naxışı tək.

Min xəstəyə olub kömək,

Çətin gündə Hacı Nuran.

Xeyirxahlar sırasında,

Gedir öndə Hacı Nuran.

***

Kimsəsizə əl yetirən,                                                                                                       

Hər kəsə uğur gətirən.

Ömrü bu xalq üçün sürən,

Mərhəmətli Hacı Nuran,

Tənhalara doğma kimi,

Sədaqətli Hacı Nuran.

***

Kasıblara dayaq oldun,

Neçə gözdə çıraq oldun.

Ürəklərdə yuva qurdun,

Xeyirxah tək Hacı Nuran.

Neçə ağır xəstələrə,

Oldun kömək Hacı Nuran.

***

Qazanıb el məhəbbəti,                                                                                                                        

Unutmaram səni çətin.

Sən bu yazıq Şərafəti,

Gən sevindir Hacı Nuran.

Hamı deyir başımızın,

Sənsən qızıl tacı Nuran.

***

Nəğməkar şairə Şərafət Dağıstanlı.

 

Hacı Nurana şeir həsr etmək hardan ağlına gəldi?

Birdən ağlıma gəldi və yazdım. Onu çoxdan tanıyıram, bir neçə dəfə mən oxuduğum internat məktəbinə gəlib. O vaxtdan onu görürdüm, izləyirdim. Özünü də çox istəyirəm. Onun verilişlərini də saytını da izləyirəm. Verilişi də çox gözəldi. Bəzən olub tələm-tələsik özü ilə də görüşmüşəm. Ancaq salam-sağolumuz olub. Özü ilə danışmaq istəyərdim. Mən də onun kimi xeyirxah əməllər edib vətəndaşlara kömək etmək istəyirəm.

Ailən barədə nə deyə bilərsən?

Ailədə 4 nəfərik, bacım ailəlidir. Atam, anam neftçidir. Atam bir müddət əvvəl açıq ürək əməliyyatı keçirib. Hal-hazırda müalicə aldığına görə işləyə bilmir. Neftçilər xəstəxanasında müalicə olunur. Anam Pirallahıda Abşeronneftdə (red. Abşeronneft Neft-Qaz Çıxarma İdarəsi) laborant işləyir. Belə deyək, neftçilər və musiqiçilər ailəsində göz açmışam. Babam Əli nağara ifaçısı olub. Həvəsə gəlib mən də musiqiyə yönəlmişəm. Özüm həm də rəqsə getmişəm, müəllimim məşhur rəqqas Rəhim Babayev olub. Amma ən çox radio və televiziyada işləmək istəyərdim, kiçik də olsa bir iş… Radionun xüsusi həvəskarıyam. 13 ildir 106.3 fm-in dinləyicisiyəm. Demək olar ki, bu radio yaranan gündən indiyə kimi dinləyirəm. O radionun demək olar ki, fanatıyam. Emin müəllimi (red. Emin Musəvi), Arzu xanımı (red. Arzu Cəfərova) tanıyıram. Çox istəyərdim ki, mən də bu radionun bir üzvü olum.

Fiziki məhdudiyyət sənin üçün nə deməkdir?

Özümü fiziki məhdudiyyətli saymıram. Əgər öz-özümə qapansaydım, heç yerə çıxmasaydım bəlkə fiziki məhdudiyyətli demək olardı. Hər zaman hərəkətdə olmaq, insanlarnan danışıb-gülmək lazımdır. Heç vaxt mən əliləm, mən zəifəm demək olmaz. Qaynayıb-qarışmaq lazımdır. Qapalı olmaq olmaz. Həyatda deyib-gülməyi bacarmaq lazımdır. Mən də, şükür Allaha aktivəm, pozitiv olmağa çalışram, deyib-gülürəm.

Hazırda fəaliyyətin nədən ibarətdir?

Hal-hazlrda şadlıq evlərinin birində operator köməkçisi kimi çalışıram. İşimdən çox razıyam. Toylar olanda toylara gedirəm, olmayanda evdə oluram. Aylıq qazancım yoxdu. Bu sahədə təzəyəm hələki amma işi bacarıram. Söz veriblər ki məni tam öyrədəcəklər. Fikrim var ki operator olum.

Çətin günlərində sənə dəstək olanlar kimlər oldu?

Mənə valideyinlərim kömək oldu. Əmilərim də çox kömək ediblər. Hacı Nuran bir-iki dəfə maraqlanıb mənimlə, gəlib-gedib. Çox razıyam, o da mənə çox kömək edib. İnternat məktəbində oxuyanda Hacı Nuran gəlib-gedirdi, vaxtı ilə mənə çox dəstək olub. Ürək-dirək verib, deyib ki hər şey yaxşı olacaq. Şükür, hələki yaxşıdı hər şey. Çox istərdim ki mən də onun kimi kimlərəsə kömək edim. Vaxt olub ki mən özümə qapanmışam. Cəmiyyətə qapalı olmuşam. Amma indi, şükür Allaha aktivəm.