Destekolaq.az saytının növbəti qonağı tanınmış media siması, Azərbaycan Boccia İdman Federasiyasının baş katibi, Milli Paralimpiya Komitəsinin Boccia idmanı üzrə Milli Komandasının baş məşqçisi, “Arabaçı TV” İnternet Televiziyasının rəhbəri, Qarabağ qazisi İlham Məhərrəmovdur. Qarabağ torpaqları uğrunda gedən döyüşlərdə sağlamlığını itirən İlham Məhərrəmov özü ilə bərabər bir çox əlilliyi olan insanların sağlam cəmiyyətə inteqrasiya olunmasında dəstək olub. Destekolaq.az komandasının üzvləri İlham bəylə boccia idmançılarımızın məşq elədiyi 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində görüşdü. Həmin müsahibəni geniş formada təqdim edirik.

***

Salam İlham bəy, xoş gördük sizi, necəsiz?

Xoş gördük, yaxşı olasız.

Destekolaq.az saytı ilə bağlı nə fikirləşirsiz?

Ümumiyyətlə fikirləşirəm ki gözəl addımdı. Amma bir işi görməzdən öncə gərək həmin mövzunun içinə girib yaxşı öyrənəsən və gördünyün işdə yanlışlığa yol verməyəsən. İlk olaraq ondan başlayaq ki, fiziki məhdudiyyətli insanlara necə müraciət etməliyik? Hər bir işdə istinad nöqtəsi olmalıdır. Bu mərkəzdən başlamağınız daha gözəl olardı. Bu bir növ dövlət tərəfindən qoyulmuş bir məktəbdir. Bu məktəbin potensialı böyükdür. Burdan bir çoxları yararlanıb. Bəzən bizim yetirmələrimizdən müsahibə alırlar amma onları yetirən məktəbin adını çəkmirlər. Mən bir çox hallarda bununla rastlaşıram. Əslində isə gördüyünüz iş gözəl işdi.

“Arabaçı TV” İnternet Televiziya layihəsi necə ərsəyə gəldi?

Sosial şəbəkə yaradılandan bir çox əlilliyi olan insanlarla tanış oldum və orada biz günümüzdə baş verən problemlərdən, bu problemlərin düzgün işıqlandırılmasından, məsələn, bəzi insanların düşdüyü problemlərdən şou yaradan insanlardan, bəzi problemlərin həllinə dair düzgün instansiyalara müraciət olunmamasından dolayı qərara gəldik ki, “Arabaçı TV”ni yaradaq. Bununla əlilliyi olan insanların problemlərini adiyyatı orqanlara sivil yolla çatdıraq. Bəzən əlilliyi olan insanlar öz problemlərini çatdırmaq əvəzinə özlərinə qəsd edirlər. (!) Bu da lazımi şəxslərin onları qarşılayıb gözəl dinləmədikləri səbəbi ilə ortaya çıxır. Yerlərdə müəyyən qurumlar əlilliyi olan şəxslərə dəstək olsalar mövcud problem ən yuxarı instansiyalara qədər gedib çıxmamalıdır. Bizdə bəzən əlilliyi olan insanlara qayğı, diqqət çox az olduğuna görə bu cür problemlər həmişə gedib nazirlik səviyyəsinə qədər çıxırdı. Biz də çalışırıq bu cür problemləri işıqlandıraq, yerindəcə araşdıraq və adiyyatı qurumlara çatdıraq ki, bu cür problemlər var və həll yolları da var. Bu səbəbdən 6-7 il bundan öncə “Arabaçı TV”-ni yaratdıq və əlilliyi olan insanları ətrafımıza topladıq.

Boccia idmanı haqqında danışmaq istərdik, sizin komanda necə yarandı?

Boccia İtaliyada təsis olunmuş bir idman növüdür. Artıq dünyanın 70 ölkəsində bu idmanla peşəkar məşğul olurlar. Milli Paralimpiya Komitəsinin qarşısına qoyğudu məqsədlərindən biri də, yeni-yeni idman növlərini Azərbaycana gətirmək və inkişaf etdirməkdir. Boccia idman növünün Azərbaycanda inkişaf etdirilməsi məsələsini qaldırdıq. Əvvəllər Komitədə bu idman növü var idi, amma o qədər də inkişaf etməmişdi. Mən o vaxt boccia toplarını Komitədən gətirdim və gördüyünüz bu idmançılarla məşqlərə başladıq. Bu insanlar fiziki məhdudiyyətli insanlarla müqayisədə daha zəifdirlər, onların əllərində də zəiflik var. Yavaş-yavaş başladıq. Amma Mərkəzdə bu fəaliyyətə başlamaq üçün mütləq nazirlikdən icazə olmalıdır. Mən getdim nazirin qəbuluna və bu uşaqların burada məşq etmələri üçün icazə aldım. Bir-bir burada yığışdıq və artıq son çempionatda 70-ə yaxın idmançımız var idi.

Hazırda boccia idmançılarımızın uğurları hansı səviyyədədir?

Bildiyiniz kimi, bu ilin mart ayında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə Boccia İdman Federasiyasını yaratdıq. Təbii ki, hər bir idmanın öz federasiyası olmalıdır. Məqsəd ondan ibarət idi ki, Federasiya xətti ilə biz Azərbaycanın bir çox yerlərində boccia idmanının təbliğatı və təşviqatı ilə məşğul olaq. Federasiya yaranandan sonra bizi Naxçıvana dəvət etdilər orada uşaqlardan ibarət bir neçə qrupdan ibarət paralimpiyaçı komandası yaratdıq. Hər birini toplar və lazımi avadanlıqlarla təmin etdik. Hal-hazırda Azərbaycanın 6 regionunda boccia idmanını inkişaf etdirmək istəyirik. Çünki ölkəmizdə bu kateqoriya insanlar çoxdu. Bunlar xüsusi ilə özlərinə qapanmış, cəmiyyətə küskün insanlar olurlar. Məsələn, mənim əlimdə güc var, bir çox işlərlə məşğul ola bilirəm, amma bunların hal-hazırda məşğul ola biləcəyi yeganə oyun bocciadır. İdmançını bura gətirməzdən qabaq onların valideyinləri ilə, dostları ilə söhbət edirik, soruşuruq ki, nə ilə məşğul olur, cavab ancaq belə olur ki, bütün günü ancaq televizora baxır, kompüterin qarşısında oturur. Başqa məşğuliyyəti yoxdu. Bəzən bu insanlar öz-özlərinə qapanırlar, bəzən olur ki, ailələri bu insanlardan bezir, belə hallar olur, amma bizə gəlib qoşulandan sonra onlarda hərtərəfli dəyişiklik hiss olunur. Artıq boccia vasitəsi ilə bunlar cəmiyyətə inteqrasiya olunurlar, ölkə çempionu, dünya çempionu olmaq istəyirlər. Hansını dindirsən deyir məsələn, mən olimpiya çempionu olmaq istəyirəm, bayrağımızı ucaltmaq istəyirəm. Yəni onlarda yaşamağa həvəs yaranır. Mənə elə gəlir ki, boccia bunlar üçün bir həyatdır.

Gördüyümüz bu boccia meydançasıvə oyunun qaydaları haqqında nə deyə bilərsiz?

Gördüyünüz bu boccia meydançasını, elektrik arabaları, topları bizə Azərbaycanda fəaliyyət göstərən TİKA (red. Türk İşbirliği ve Koordinasyon Ajansı Başkanlığı) şirkəti hədiyyə edib. Biz onlarla uzun müddət yazışdıq, görüşdük. Onlar gəldi bizim buradakı şəraitimizlə tanış oldular. Sağolunlar bu meydançanı hədiyyə etilər, 10-a yaxın top, elektriklə çalışan araba hədiyyə etdilər. Türkiyənin boccia yığma komandasını biz Azərbaycana dəvət elədik, onlarla dostluq görüşü keçirtdik. Və biz onlara qalib gəldik, həqiqətən. Meydançaya gəldikdə isə, hər idmanda olduğu kimi boccianın da öz meydançası var. Meydançanın uzunluğu 10,5 metr, eni isə 6 metr təşkil edir. Idmançılar gördüyünüz kortların içində oynayır. Kortun xəttini keçmək olmaz, əks halda idmançı cərimə xalı qazanır. Meydançadakı uçbucaq ərazisi (“ölü” zona) istisna olmaqla qalan bütün yerlər idmançının ixtiyarındadır, ora top atılır. Məqsəd idmançıların sahib olduqları göy və qırmızı toplarla “cek” adlandırılan ağ topa yaxın atışlar etməkdir. Bir oyun 4 setdən ibarətdir. Birinci seti qırmızılar başlayırsa ikinci seti müvafiq olaraq göylər başlayır. Hər set 5-6 dəqiqədən ibarətdir. Oyunu yan, meydan və masa hakimləri izləyir, sonda ümumi oyunun nəticəsi hesablanaraq qalib müəyyənləşir. Bu sırf  əlilliyi olan insanlara aid oyundur.

Əlilliyi olan insanların sağlam cəmiyyətə inteqrasiyası işində xeyli işlər görmüsünüz, destekolaq.az komandası olaraq İlham Məhərrəmovun həyat hekayəsini eşitmək istərdik, necə oldu ki, əlil arabasına məhkum oldunuz?

Qarabağ döyüşlərində əlil olmuşam. Yaralanan zaman bədənimə 30-dan çox qəlpə dəyib. Onlardan 3-ü onurğama, biri isə boyun nahiyəmə tuş gəlib. Bir müddət əllərim işləməyib. Mən bu insanları bəlkədə özləri qədər başa düşürəm ki, əlin işləməməsi nə deməkdir. Bu mərkəzə mən 1996-cı ildən gəlmişəm. O zaman müalicə olunurdum. Gəldim ki, bu mərkəzə daxil olum və daha sonra İnstitut oxuyum. Lakin 1997-ci ildə həmin İnstitut bağlandı və mən burada qalası oldum. Yavaş-yavaş başladım Qarabağ əlilləri cəmiyyətini yaratmağa, bir növ təşkilatlanmağa. O vaxtı Paralimpiya Komitəsi yaranırdı və mən başladım kamandan oxatma idmanı ilə məşğul olmağa. 1997-ci ildən başladım bu idmana və Azərbaycan çempionu oldum. Sonralar uzun müddət Ukraynada yaşamışam. Geri dönən zaman burada (red. 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzi) təmir gedirdi, təklif etdim ki bir idman zalı tikilsin. Milli Paralimpiya Komitəsinin prezidenti gəldi şəraitlə tanış oldu, dedim ki əvvəllər kiçik bir idman zalımız var idi, indi buradan gözəl istifadə etmək olar. Biri var Azərbaycanın hər yerindən axtarıb bura əlilliyi olan insanları cəlb eləmək, bir də var əlilliyi olan insanlar özləri bura gəlir ki, peşə öyrənsinlər. Odur ki, bu insanların içindən seçib elə bu idmana yönəltmək olar. İlqar müəllim (red. Azərbaycan Milli Paralimpiya KomitəsininPrezidenti İlqar Rəhimov) mənim təklifimi bəyəndn və məni Milli Paralimpiya Komitəsinin sözügedən mərkəz üzrə kuratoru vəzifəsinə təyin etdi. Başladım əlilliyi olan insanları seçməyə. Bir gün qılıncoynatma, disk atma, kamandan oxatma və s. idman federasiyalarının baş məşqçiləri ilə danışdım və onların təlim-məşq prosesini burada təşkil etməyə başladıq. Mərkəzimizdən bu idman növlərinə maraq göstərənlər arasından 100-ə yaxın əlilliyi olan insan seçdik. O vaxt paralimpiyaçılar arasında qılıncoynatma idmanına maraq, demək olar ki, sönmüşdü. Mənə müraciət elədilər, müəyyən danışıqlardan sonra, biz bu mərkəzdə təhsil alan uşaqlarla onlar arasında görüş təşkil elədik. Bundan sonra mərkəzdən 10-15 nəfər başladı qılıncoynatma idmanına həvəs göstərməyə. Belə ələnə-ələnə 5-6 nəfər qaldı və başladı daha da ciddi məşğul olmağa. Boccia idmanına qədər mən burada mərkəzin kuratoru olaraq çalışmışam.

Boccia idmanı ilə bağlı gələcək planlarımız nədən ibarətdir?

Bildiyiniz kimi, boccia Olimpiya oyunudur. 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarından sonra Paralimpiya Oyunları başlayır. Boccia idmanı da oyunlara daxildir. 2019-cu il lisenziya ilidir. 16-17 yarış var, onlardan hardasa 6-sı Avropada keçiriləcək. Bizim də məqsədimiz Avropada keçiriləcək yarışlarda iştirak etməkdir. Bacarıqlı idmançılarımız var. Biz İspaniyada yarışlarda iştirak edəndə, hansıkı orada 35-40 illik boccia məktəbi olan İngiltərənin, Fransanın, İspaniyanın komandaları var idi, amma biz orda fransızlara, ingilislərə, macarlara qalib gələndə onlar məəttəl qalırdı. Bizdən soruşurdular ki, siz bunu hardan öyrənmisiniz? Sizdə məktəb varmı? Mən onlara yutubda göstərirdim ki, biz yutubda onlara baxa-baxa öyrənmişik, təəccüb edirdilər. Bir ingilis yutubda özünü göstərdi ki, bax bu mənəm. Dedim bəli, bilirəm sənsən. Təsəvvür edin biz onlara baxa-baxa gedib onlara qalib gəlmişik. (!) Halbuki onların federasiyasının büdcəsi bəzən 1 milyon dollara çatır. Bizim də gərək öz büdcəmiz ola, heç bir yarışda geri qalmayaq. Çünki idmançının püxtələşməsi yarışda bəlli olur. Yarışlarda idmançı püxtələşməlidir və yarışlardakı nəticəsinə görə də qazanmalıdır. Belarusda təlim-məşq prosesində olmuşuq, onların yığmasına qalib gəlmişik. Daha sonra Türkiyənin yığma komandasına qalib gəlmişik. MDB məkanında boccia idmanı üzrə, həmin komandalarının rəhbərlərinin də dediyini görə, biz onlardan güclüyük. Baxmayaraq ki, bizim əlimizdə bir məktəb olmayıb. Sizə adi gələ bilər amma bu uşaqlar gün ərzində 1000-1200 dəfə top atışı edirlər. Səhər saat 10-dan 1-ə qədər 3 saat, günorta 3-dən 6-a qədər də 3 saat məşq edirlər. Gündə iki dəfə 6 saat bunların məşqi olur.

Fiziki məhdudiyyət sizin üçün nə deməkdir?

Mənim fikrimcə, əgər süni əngəllər olmasa fiziki məhdudiyyətli anlayışı yoxdu. Siz necə bu mərkəzə gəldinizsə mən də hər gün elə o cür gəlirəm. Komanda üzvləri ilə başlayırıq məşqimizə. Yəni otağın içində hər cür şərait olduğuna görə mən məhdudiyyət hiss etmirəm. Məhdudiyyəti o zaman hiss edirəm ki, bizim qarşımızda maneələr olur. Tutaq ki, getdiyim yerdə pandus yoxdu binaya girə bilmirəm. Və yaxud insan var mənimlə danışanda mənə yox yanımdakı insana baxıb danışır, elə bil ki hər şeyi mənim yanımdakına danışmalıdır. Belə anlarda mən təbii ki, məhdudiyyət hiss edirəm. Məsələn, ictimai nəqliyyatdan istifadə edə bilmirəm, bilirəm ki, məhdudiyyətlilik var. Yaxud teatra, muzeyə gedə bilmirəm, hiss edirəm ki məhdudiyyətim var. Amma həmin nəqliyyatda panduslar olsa, istədiyim vaxt istədiyim yerə gedib çata bilsəm özümü məhdudiyyətli biri kimi hiss eləmərəm.

Destekolaq.az komandasına nə arzu edirsiz?

Destekolaq.az komandasına arzu edirəm ki, “Arabaçı TV”-nin yutub kanalını mütləq izləsinlər (red. Youtube: ARABACiTV MMC), çünki gördüyümüz işlər demək olar ki eyni xətt üzrə gedir. Baxın gördüyümüz işin mahiyyəti nədir? Fiziki məhdudiyyətli insanları cəmiyyətə inteqrasiya etmək. Bunun başqa yolu yoxdu ki? Cəmiyyətə inteqrasiya etmək üçün nə lazımdır? Fiziki məhdudiyyətli insanlara hələ körpəlikdən normal baxçalar yaratmaq ki, getsinlər, orta məktəblər, institutlar ki, oxusunlar. Məsələn bir var xüsusi məktəb olsun bir də var hamı üçün məktəb. Bunlar fərqli-fərqli şeylərdi. Əgər insanın əlində, qolunda problem varsa, amma o da gedib hamı kimi məktəbdə oxuyursa ona həmin şərait yaradılmalıdır. Bizdə heç bir məktəbdə pandus deyilən bir şey yoxdur. İnstitutlarda həmçinin. Bir gün institutda müəllim heyəti ilə görüşürdük, dedim ki, indi bax həyatdı biriniz yıxıldınız, qıçınız sındı, həkim məsləhət gördü ki, 5 ay arabada gəzməlisən… İşə gəlməyəcəksiniz? Yaxud hər gün sizi kimsə nərdivanlardan qaldırmalıdır? Düzdü, bir çox dəyişikliklər də var. Deyə bilmərəm ki heç bir dəyişiklik yoxdu. Bəzən insanlar da var ki öz həyatında heçnə dəyişilməyib deyə ətrafdakı bu dəyişikliyi görmək istəmirlər. Mən bütün fəaliyyətimi sosial şəbəkədə paylaşıram, tutaq ki, evdə əlilliyi olan bir insan oturub baxır. Düşünür ki, bəli İlham bəy əlilliyi olan insanlar üçün bunları edir. Insan da var ki deyir mən edə bilmirəm əşşi nəyimə lazımdır… Paxıllıq hissləri var. O paxıllığı, xainliyi, kin-küdurəti bir kənara qoyub cəmiyyətə tam bərabər hüquqlu üzv olmaq lazımdır. Elə etməliyik ki hər bir sahədə cəmiyyət bizi qəbul etsin. Bunun üçün də hər bir sahədə bizim üçün şərait yaradılmalıdır. Biz Avropa Oyunlarında könüllü qismində iştirak etmişik. Fikirləşdim ki niyə də yox? O vaxt könüllülər qeydiyyatdan keçirdilər, mən də getdim qeydiyyatdan keçidm. Həmçinin 30 nəfərin adını verdin. Məsələ qaldırdıq və gəldilər bizimlə burada, mərkəzdə tanış oldular. Sual-cavab oldu və 35-40 nəfər arasından 30 nəfəri könüllü qismində seçdilər. Biz 17 gün müddətində Avropa Oyunlarında çalışdıq. Heç bir yerdə bir dənə də maneəyə rast gəlmədik. Hətta məsələ qaldırdıq ki yaradılan şəraiti “Arabaçı TV” olaraq çəkək və göstərək ki, biz əlillər üçün nə cür şərait var. Açılış və bağlanış mərasimlərindən başqa bütün tədbirlər əlilliyi olan insanlar üçün pulsuz oldu. Avropa Oyunları zamanı biz hara gedirdiksə hamı elə bilirdi ki, biz xarici vənətdaşlarıq. Cənab prezident özü mənə yaxınlaşdı. Düzdü, mən onun şəklini çəkmək istəyirdim, o dedi ki, dayan, gəldi mənimlə biraz söhbət elədi və şəkil çəkdirdik. Mən ona fikrimi bildirdim ki, cənab prezident Avropa Oyunlarında yaradılan şərait ölkəmizin hər yerində yaradılsa gözəl olar. Yəni heç bir maneə yoxdu. Hara gedirsən pandus var, insanlar bizi mehriban qarşılayır… İnsan var nə qədər maarifləndirisən maarifləndir amma fiziki məhdudiyyətli birini görəndə körpə uşağa 20 qəpik verir ki, apar ona ver, elə bilir sən dilənçisən. Avropa Oyunlarında, İslam Oyunlarında, “Formula 1”-də biz iştirak etdik. Çalışırıq ki böyük tədbirlərdən geri qalmayaq. Bəzən olur ki bizim gördüyümüz işlərə sağlam kateqoriyalı insanlar əlilliyi olan insanlardan daha düzgün qiymət verir.