Uşaq Serebral İflic Mərkəzinin (USIM), “Buta” onlayn radio və televiziya MMC-nin təsisçisi, ağır atletika üzrə ikiqat Respublika çempionu Azər Əlizadə ilə müsahibə

– Salam Azər, xoş gördük səni, necəsən?

– Çox sağ ol, yaxşıyam.

– “Destekolaq.az” saytı haqqında nə düşünürsən?

– Adından da bəllidir ki, bu saytın yaradılmasının böyük bir səbəbi var və böyük bir missiya öz üzərinə götürür. Bu missiyanın həyata keçirilməsində kimlərin əməyi varsa onlara minnətdarlığımı bildirirəm. İnanıram ki uğurlu olacaq.

– İstərdik ki sənin uğur hekayənlə tanış olaq. Peşə fəaliyyətinə necə başladın və hansı uğurlara imza atmısan, bu barədə danışaq…

– Əvvəla onu deyim ki, mənim uğur hekayəm bir qədər uzundur, odur ki insanları çox yormamaq üçün çalışacam qısa danışım. Mənim hekayəm əslində bir xəstəxanadan başladı. (Bir çox nevroloji müalicələr, fizioterapiya kursları və 7 əməliyyat keçirtdim. İndi isə özümü tam sərbəst idarə edirəm. Mənbə: usim.az.) Bir müddət müalicə olunduqdan sonra həkimlər mənim serebral iflic xəstəliyinin ən ağır formasından əziyyət çəkdiyimi bildirdilər. Buna baxmayaraq, uşaq vaxtlarından anam mənə hər zaman bu sözləri deyirdi: Azər, sən ən sağlamsan. Zamanla anamın mənə nə demək istədiyini anladım. Yəni sənin fiziki durumunda müəyyən bir problem var, amma bu o demək deyil ki sən həyatdan küsüb oturmalısan. İnsan kimi sən başqalarından bəlkədə daha üstünsən. Doğurdan da zamanla mən bunun əyani sübutunu gördüm. Anamın “sən ən sağlamsan” sözünü mən özümə bir deviz kimi götürdüm və həyatımı ona görə yaşadım…
Aktiv peşə fəaliyyətimə 18 yaşından başlamışam. Bir müddət özümə aid müxtəlif kiçik obyektlər işlədirdim. Daha sonra idmanda nailiyyətlər qazandım. Hazırda ağır atletika idmanı üzrə 2 qat Azərbaycan Çempionu adını daşıyıram. Bu yaxınlarda “Buta” onlayn radio və televiziya MMC-ni təsis elədim. Hal-hazırda “ASAN Xidmət” və “ASAN Könüllüləri” təşkilatında Sağlamlıq İmkanları Məhdud Şəxslərlə İş Departamentində layihələrin icra olunması sahəsində çalışıram. Bundan öncə Uşaq Serebral İflici Mərkəzini (USIM) təsis elədim. Ümumilikdə sosial yönlü layihələrin reallaşdırılmasında, xeyriyyə tədbirlərində dostlarımla, xüsusən də Sənan Ələsgərovla bərabər aktiv iştirak edirəm. 18 yaşından bu yana göstərdiyim çabalar şükürlər olsun öz bəhrəsini verdi. Artıq cəmiyyətdə sağlamlıq imkanları məhdud şəxslərin də öz gücü müqabilində nələrəsə nail ola bilmələrinə dair inam yaranıb. İnanıram ki bu tendensiya davam etdikcə uğur qazanmış insanların sayı daha da artacaq…

– İdmana necə gəldin?

– Uşaq vaxtından ağır atletika idmanına marağım var idi. Məncə bu yeganə idman növüdür ki, insan burada öz-özü ilə mübarizə aparır. Yəni burada sənin özündən başqa rəqibin yoxdur. Dəmirdi və sənsən. İradən nə qədər güclü olarsa çəkiyə bir o qədər rahat qalib gələcəksən. İradə və güc mənim xarakterimdə ön planda olan amillərdəndir. Çünki həyatda hər zaman güclü olmağı sevmişəm. 2012-ci ildə müəllimim, Azərbaycan Respublikasının Pauerliftinq İdmanı üzrə yığma komandasının Baş məşqçisi Şəmsi Bayramovla tanış oldum. O məni yetişdirdi və mən professional olaraq imdana başladım. 2013-cü ilin noyabr ayında ilk yarışıma çıxdım və Respublika üzrə ilk dəfə Birinciliyimi qazandım. Daha sonra 2014-cü ildə yarışa çıxdım və yenidən çempion oldum. Bundan sonra səhhətimlə əlaqədar olaraq idmana ara verməli oldum. Hal-hazırda idmana davam edirəm və növbəti yarışlara hazırlaşıram. Müəllimim də, mən də çox ümidliyik. Ən böyük arzum ölkəmizin bayrağını yüksəkliklərə qaldırmaqdır. İnşallah, inanıram ki onu da bacaracam.

– Fiziki məhdudiyyət sənin üçün nə deməkdir?

– Mənim üçün “fiziki məhdudiyyətli” deyilən bir anlayış yoxdur. Əslində insan özünü necə görürsə o cür də qiymət verir. Öz fəaliyyətimi qiymətləndirdikdə mən özümdə fiziki məhdudiyyət görmürəm. Hər bir insanın həyatda edə biləcəyi və edə bilməyəcəyi bir şeylər, təbiidir ki, vardır. Bu o demək deyil ki o insan gücsüz bir insandır. Bunu mən necə müqayisə edərdim? Ucqar bir təpəni gözünüz önünə gətirin. O təpəyə 10 nəfəri düzsəniz fərqli səbəblərdən 5-i çıxacaq, 5-i isə çıxa bilməyəcək. Fiziki məhdudiyyət də mənim anlamımda elə budur: müəyyən fiziki hərəkət lazım olan yerdə bunu edə bilməmək. Məsələn, o dağın başına çıxmamaq. Və yaxud hər hansı bir maneəni aşa bilməmək. Yəni bunu edə bilməmək o demək deyil ki o insanın iradəsi zəifdir və həyatdan küsüb oturmalıdır. O dağın başına çıxma, amma həyatda öz mövqeyini taparaq öz yolunda uğur qazan. Öz yolunda irəlilə. Nəticə uğur qazanmaqdırsa əgər, bu deyil başqa yolda uğur qazan. Fərq etməz ki… Ona görə də mənim aləmimdə “fizki məhdudiyətli” deyilən bir anlayış yoxdur.

– Çətin anlarda sənə stimul verəm amillər və ya şəxslər kimlərdi?

– Mənə ən böyük stimul verən özümü sevməyim, öz-özümlə mübarizə aparmağımdır. Müəyyən bir vaxtdan sonra anladım ki, insanın həyatı özünü nə qədər çox istəməyindən asılıdır. İnsan özünü nə qədər çox sevərdə həyat onun üçün bir o qədər rəngarəngir. Mən özümü nə qədər çox istəsəm bir o qədər həyat mənim üçün maraqlı olacaq və ətrafdan daha az kömək gözləyəcəm. Özüm cəhdlər göstərib nələrəsə nail olacağam. Atalar məsəli var: “Quyuya su tökməklə quyu dolmaz”. Bu səbəbdən mənim buradan mesajım budur: övladlarınızı sevin. Onları elə tərbiyə edin ki onlar da özlərini sevə bilsinlər. Çünki özünü sevməyi bacaran insan həyatda hər şeyi bacara bilər. Həyatda nə olursa olsun inadına yaşamaq lazımdır. Bu xarakterimə görə, özümü çox sevirəm: inadına yaşamaq! Sadəcə biz insanlar bəzən ətrafdakılardan gözləntilərimizi o qədər böyüdürük ki, biz elə gəlir ki, oturaq bizə nəsə eləsinlər. 18 yaşında mən bu yola çıxmasa idim bu gün bizim söhbətimiz bəlkədə baş tutmazdı.

– “Destekolaq.az” saytına nə arzu edirsən?

– “Destekolaq.az” saytına öncə uğurlar arzu edirəm. İnanıram ki, qarşıya qoyduqları hədəflər hansıdırsa ən qısa zamanda o hədəflərə çatacaqlar və bu portal ölkəmizin ən sosial yönlü portalına çevriləcək. Ümid edirəm göstərilən təşəbbüs bu sahədə digər məqsədlərin də reallaşdırılmasında vasitəçi olacaq. Çox sağ olun.