Destekolaq.az saytı oxucularını düşünərək sağlamlıq imkanları məhdud olan şəxlərin fikir və həyat hekayələrini araşdırmaqda davam edir. Bu dəfəki qonağımız “Gülsam” Əlillərin Reabilitasiyası İctimai Birliyinin sədri Gülnarə Səlimovadır.

10 ildən çoxdur əlillərin problemləri və onların müxtəlif peşələrə sahiblənmələri üçün yorulmadan çalışan Gülnarə xanımla elə “Gülsam” Təşkilatının Bakıdakı ofisində görüşdük. Bu otaqda bir çox əlillər müxtəlif kurslarda iştirak edərək təcrübə əldə ediblər. Təşkilatın əsas məqsədi əlilliyi olan şəxslərin əmək fəaliyyətinə cəlb olunması və onların müxtəlif bilik və bacarıqlara yiyələnməsidir. Gülnarə Səlimova ilə geniş müsahibəmizi təqdim edirik.

Gülnarə xanım xoş görük sizi, necəsiniz?

Xoş gəlmişsiniz, çox sağ olun yaxşıyam.

Öncə ənənəvi sualla müraciət etmək istərdim, destekolaq.az saytı ilə bağlı nə düşünürsünüz?

Əslində mən fiziki məhdudiyyətli insanların maraqlarını əhatə edən saytların demək olar ki çoxunu dəstəkləyirəm. Çünki bu, insanların maariflənməsi deməkdir. Ən gözəli budur ki, burada aktivlik göstərən fiziki məhdudiyyətli şəxslər barəsində məlumatlar verilir, ümumiyyətlə bizim kimi fiziki məhdudiyyətli insanlara bu cür dəstək çox vacibdir. Bu cür təşəbbüslərin daha mükəmməl şəkildə həyata keçirilməsi lazımdır. Son vaxtlar özünü jurnalist adlandıran bəzi insanlara acığım gəlir, çünki lazım olmayan, heç bir məna daşımayan, faydasız şeylər haqqında, yəni sadəcə insanlarda sensasiya doğuracaq xəbərlər yazırlar. Halbuki o cür fiziki məhdudiyyətli aktiv gənclərimiz var ki, onları mütləq tanıtmaq, önə çəkmək lazımdır. Mən fürsətdən istifadə edib sizin vasitənizlə də bütün jurnalistlərə bir çağırış edirəm ki, maraqlı, insanlarda xoş təəssürat bağışlayacaq mövzular haqqında yazınlar. Məsələn, mənimlə görüşən bir çox insanlar var, deyirlər ki, səni tanıyandan sonra həyata bağlılığımız yarandı. Mənim kimi insanlar çoxdu, onlardan yazsınlar, insanları həyata daha çox bağlasınlar. Yoxsa intihar və s. kimi xoşagəlməz xəbərlər yazırlar, çox təəssüf ki, bu cür xəbərlər çoxdu. Mən uşaq ikən çox jurnalist yadımda qalıb, onlar elə maraqlı mövzulara toxunurdular ki, istər istəməz o jurnasit bizim gözümüzdə çox yüksəkliklərə ucalırdı. Amma indi çox təəsüf ki, elə cılız şeylərdən yazırlar ki, bəzi insanlar bu cür xəbərləri oxuyanda özləri də cılızlaşır.

Siz aktiv ictimai fəaliyytinizə necə başladınız?

Mən Ağsuda anadan olmuşam. Orada boya-başa çatmışam. Düzü, başlanğıcda Avropaya getmək fikrim var idi, çünki dəvətlər çox gəlirdi, amma o qədər də ürəyimcə deyildi ora getmək. İki yolum var idi: ya Avropaya getmək, ya Bakıya gələrək burada fəaliyyət göstərməli idim. Bir təşkilat olaraq 2005-ci ildə Ədliyyə Nazirliyindən qeydiyyatdan keçdik. Bundan əvvəl çox axtarışda olmuşam, fikirləşirdim ki, nə edə bilərəm? Özümə borc bildim ki, bu cür təşkilat yaradım və fiziki məhdudiyyətli insanlara yardım edim. Düzdü, burada fəaliyyət göstərmək çətindir. Özünü öncə bir təşkilat olaraq təstiq etməlisən. Çünki bu cür təşkilatlar da çoxdur. Amma indi yaxşıdı hər şey, bura gələndən sonra uğurlarımız da az olmayıb. Artıq 14 ilə yaxındır fəaliyyət göstəririk. Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən 6 dəfə müxtəlif layihələr üzrə qalib olmuşuq. Bir çox təşkilatlarla, o cümlədən səfirliklərlə əməkdaşlıq etmişik. Bilirsiz, insanlara kömək edəndə özüm də sevinirəm. Onlar xoşbəxt olanda mən də həqiqətən xoşbəxt oluram. Hər hansı bir yardıma ehtiyac duyan fiziki məhdudiyyətli insanlara, istər sosial, istər hüquqi və s. sahələrdə yardım göstərəndə çox məmnun oluruq ki, az da olsa faydamız dəydi. Biz insanlar həyata faydalı olmaq üçün gəlirik. Bizim təşkilatın fəaliyyətinə gəlincə, demək istəyirəm ki, mənim məqsədim insanlara ya sənət ya iş baxımından ömürlük faydalı olacaq bir yardım göstərək. Yəni faydası uzunmüddətli olacaq bir köməklik olsun. Təşkilatımız ilk yarananda kompüter kursları açdıq. Bu kurslarda 4 min tələbə iştirak etdi. “Gülsam” Əlillərin Reabilitasiyası İctimai Birliyinin adı mən və qardaşımın adından götürülüb: Gülnarə və Samir. Təəssüf ki, qardaşım bir il 8 aydır rəhmətə gedib. O da çox aktiv fəaliyyət göstərirdi. Biz yalnız əlilliyi olan insanlara deyil, həm də adi gənclərə dəstək göstərirdik. Gənclər üçün tədbirlər, düşərgələr, təlimlər təşkil edirdik. Bizim fəaliyyətimiz yalnız Ağsuda deyil bir çox rayonlarda, o cümlədən Gəncədə, Şamaxıda, Masallıda, Cəlilabadda, Salyanda, Qəbələdə və digər bölgələrimizdə olub.

Mənim bu cür aktiv, komplekssiz olmağıma valideyinlərim səbəbkar olublar, onlar mənə bu cür şərait yaradıblar. Rəhmətlik atam və anam hər zaman mənə hər cəhətddən dəstək olublar. Anam hal-hazırda da mənim yanımdadı, mənə dəstəkdir. Bu sahədə təşkilatçı olmağımda ailəm hər zaman dəstək olub. Birinci Allah sonra valiydeyinlərim…

Gülnarə xanım, hazırda biz Təşkilatınızın yerləşdiyi məkandayıq. Burada sərgilənən əsərlər barədə nə deyə bilərsiz?

Burada bizim sonuncu, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə baş tutan fiziki məhdudiyyətli şəxslərə əl işlərinin öyrədilməsi üzrə kursumuz oldu. Kurslar 3 ay davam etdi, bu müddət ərzində 30 nəfər fiziki məhdudiyyətli şəxs və onların ailə üzvləri elə bu otaqda dərslər keçirdilər. Daha sonra onların əl işlərinin satışını “Forteks” şirkətinin dəstəyi ilə təşkil etdik. Fürsətdən istifadə edib Elşad Bayramova xüsusi təşəkkürlərimi bildirirəm. Çünki bu şirkət bizim bir çox tədbirlərimizə dəstək olub. “Forteks” şirkəti vasitəsi ilə biz 2 min manata yaxın məbləğdə əl işlərinin satışını təmin etdik. Onu da qeyd edim ki, belə bir qayda var, əgər təşkilat həmin satışdan gəlir əldə edirsə özünə müəyyən qonorar götürə bilər. Amma mən o satışdan əldə edilən məbləğdən nə faiz, nə də bir gəlir götürmədim. Bu kurslara qatılan insanlar ehtiyaclı ailələrdən idilər, bəzi insanların kurslara gəlmək üçün yol pulları belə yox idi, amma bu layihə çərçivəsində 500 manat civarında gəlir qazanan ailələr oldu. Bu məni çox sevindirdi. Dekabr ayında BƏM-də də bu cür sərgi təşkil etdik, Nəsimi rayonu İcra Başçısı Asif müəllimə (red. AsifƏsgərovNəsimi Rayon İcra Hakimiyyətinin başçısı.) çox sağol deyirəm, bizə dəstək oldu. Orada da 40 nəfərə yaxın fiziki məhdudiyyətli şəxslərin əl işlərinin satışını təşkil etdik. Bütün əl işləri satıldı. Çox möhtəşəm sərgi oldu.

Fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiya prosesini necə təşviq etmək olar?

Sizə deyim ki, əvvəlki illərə nisbətən dəyişiklik çoxdu. Əvvəllər fiziki məhdudiyyətli insanlar, xüsusən də əlil arabasında olanlarla küçədə, parkda heç qarşılaşmazdıq. İndi şükürlər olsun ki, çox dəyişikliklər var. Artıq bizim nə qədər dostlarımız, tanışlarımız var ki, cəmiyyətə inteqrasiya olunublar. Amma təəssüf ki, yenə də bir məsələ var ki, fiziki məhdudiyyətli insanlar cəmiyyətə inteqrasiya olunsa da, cəmiyyət hələdə onlara qarşı mövqeyini dəyişməyib. Düşünün, dünənin sağlam əsgəri bu günün əlil arabasına məhkum olmuş şəxsidir, dünənin sağlam sürücüsü eyni ilə bu günün əlil arabasına məhkum olmuş şəxsidir. Bu həyatda heç kim heç nədən sığortalanmayıb. Bəzən fiziki məhdudiyyətli dostlarımız deyirlər ki, bizi görüb qulaq çəkirlər və yaxud dilənçi qəbul edib pul verirlər. Düzdü, mən rastlaşmamışam amma çox təəssüf ki, bu cür hallar olur. Bu məsələdə maarifləndirmə olmalıdır. Çünki çoxları görməyib. Məsələn, elə sizlər – media işçiləri. Sizlərin vasitənizlə biz o cür insanları daha çox maarifləndirə bilərik ki, belə hallara alışsınlar. Məsələn, mən Azərbaycanda ilk əlil arabasında olan xanım QHT sədri olmuşam. Ağsu rayonunda nə qədər önədişsiz ingilis dili, dərzilik kursları və s. təşkil etmişik. Sumqayıtda dərzilik kursları keçdikdən sonra təşkilatımız vasitəsilə neçə-neçə insanları fabrikdə işlə təmin etmişik. Mən Ağsuda ofis açanda görürdüm ki, bizim qonşuluqdakı obyektlərdən insanlar mənə necə təəccüblə baxırdılar, necə məni hər gün gözləyirdilər ki görsünlər, mən necə maşından düşəcəm, necə arabaya oturacam. Yəni bu onlara nəsə dəhşətli bir şey kimi görünürdü. Mən isə bunları gülümsəyərək qarşılayırdım, heçnədən narahat olmurdum. Yavaş-yavaş hamısı ilə dostlaşdıq. Hamı üçün adiləşdim. Bilirsiz, rayon yerində qadınlar ümumiyyətlə biraz çəkinirlər parka, kafelərə getməyə, amma mən Ağsuda bu işlərimlə hətta qadın klubu da yaratmağa nail oldum. Onlarla gəzintiyə də çıxırdıq, təbii ki, hamı təəccüblə baxırdı, hətta deyirdilər ki, Gülnarə bizim rayona yenilik gətirir. Yeni bir təşəbbüslə rastlaşdıqda hamı deyirdi ki, bu Gülnarə xanımın təşəbbüsüdür. Məncə insan olduğu kimi olmalıdır. Mən komlpeksləri sevmirəm. Bizi də insanlar olduğumuz kimi qəbul etməldirlər. Məncə bu işdə daha çox avtobus və taksi sürücülərinin maarifləndirilməsi lazımdır. Mən özüm rastlaşmasam da, mənə çox deyiblər ki bəzi bu qəbildən olan insanların bizim kimi insanlara yanaşmaları düzgün deyil, bəzən kobudluq, laqeydliklə qarşılaşırlar. Avtobus sürücülərindən imtahan götürən zaman, məncə, bu cür həssas mövzularla bağlı psixoloji testdən keçirmək lazımdır.

Sizin üçün fiziki məhdudiyyət nə deməkdir?

Mən məhdudiyyət qəbul edə bilmirəm, mənim üçün məhdudiyyət yoxdur. Mənim haqqımda Türkiyə mətbuatı çox yazmışdı. Bir məqalədə bu cür başlıq vermişdilər: “Azəri qızı Gülnarə Səlimova əngəli əngəl olaraq kabul etmiyor”. İnsan əgər düşünürsə, zəkası varsa, onun üçün məhdudiyyət ola bilməz. Düşüncələrimizlə biz o məhdudiyyətləri aşmaq üçün yol seçməliyik.

Destekolaq.az komandasına nə arzu edirsiniz?

Davamlı, uzunömürlü olmağı arzu edirəm. Oxucu sayı milyardları keçsin. İstəyərdim ki seçilmiş, sayılmış jurnalistlər olsun, ən gözəl yazılar yazılsınlar. Saytınız sevilsin, seçilsin. Mən öz tərəfimdən “Gülsam” təşkilatı olaraq bu sayta dəstək oluram. Bir təşkilat olaraq bizim qarşıda məqsədlərimiz çoxdu. İnşallah insanları bu işlərimizə cəlb etməyi planlaşdırırıq. Sizi də dəvət edəcəyik.