Destekolaq.az saytı bu dəfə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbəsi, istedadlı rəssam Cavid Həsənli ilə müsahibəni təqdim edir. Kiçik yaşlarından revmatoid poliartrit xəstəliyindən əziyyət çəkən Cavidin əlllərində problem olmasına baxmayaraq gözəl rəsmlər çəkir. Bir çox mühüm tədbirlərdə rəsm əsərlərini təqdim edən gənc rəssamın həyat hekayəsi və fərqli dünya baxışları ilə tanış olaq.

 – Salam Cavid, xoş gördük səni, necəsən?
– Əleykum salam. Şükür, yaxşıyam. Yaxşı olasınız.

– Yeni yaradılan “Destekolaq.az” saytı haqqında nə düşünürsən?
– Saytın məqsədi çox gözəldir. Ölkəmizdə fiziki məhdudiyyətli insanların peşə sahibi olması üçün bir çox kurslar və peşə məktəbləri olsa da onların daha sonrakı mərhələdə əl işlərindən gəlir əldə etmələri üçün vasitələr çox azdı. Destekolaq.az saytı bu istiqamətdə atılmış uğurlu addımlardan biri olduğunu düşünürəm. Eyni zamanda uzun ömürlü və səmərəli olacağına ümid edirəm.

– İstərdik ki, sənin uğur hekayənlə tanış olaq. Hansı uğurlara imza atmısan və ümumiyyətlə rəsm çəkmək sənin üçün nə deməkdir?
– Uğur anlayışının insandan insana dəyişdiyinə inanıram. Düşünə bildiyim müddətdə öyrəndiyim hər yeni şey mənim üçün uğurdu. Ancaq əgər ümumi uğur olaraq qəbul edilənlərdən bəhs ediriksə fiziki məhdudiyyətli biri olaraq arzuladığım ali məktəbə qəbul olmağı, iş həyatında yer almağı, “Formula 1” kimi beynəlxalq tədbirlərdə könüllü olmağı öz uğurum kimi qeyd edə bilərəm. Təbii ki, bu saydıqlarımı xüsusi insanların köməkliyi və dəstəyi olmadan bacara bilməzdim. Bu cəhətdən özümü şanslı sayıram.
Rəsm çəkmək mənimçün fikrin ifadə vasitəsidir. “Sənət sənət üçündümü, yoxsa sənət xalq üçündümü?” işlədilən bir ifadə var. Məncə məşğul olduğum bu sənət mənim fikirlərim üçündü. Bu mənimlə fikirlərim arasında vasitəçidi. Fikirlərlərimi kətan üzərində hər kəs üçün görünən edir.

– Rəsm əsərlərini necə yaradırsan və səni daha çox hansı mövzular maraqlandırır?
– Rəsmləri məni ilk tanıyan insanlara təəccüblü gələn deformasiyaya uğramış barm

aqlarımla yaradıram. Mən onlara azad ruhlu barmaqlar deyirəm… Təbii ki, eyni zamanda xəyal gücümün bələdçiliyi, müəllimlərimin göstərişi ilə çəkirəm. Nəticədə, mən hələ bir tələbəyəm. Maraqlandığım mövzular isə hisslər və fikirlərdi…

– Səhhətində baş verən problemlər nə vaxt yarandı?
– Revmatoid poliartrit xəstəliyindən əziyyət çəkirəm. Anadangəlmə deyil. 7 yaşımda səhv müalicə nəticəsində yaranıb.

– Çətin anlarda sənə stimul verəm amillər və ya şəxslər kimlərdi?
– Hər kəsin həyatında çətin anlar olur. İstər fiziki məhdudiyyətli, istərsə də məhdudiyyəti olmayan olsun. Mən çətin anlarımda Allahdan və özümdən güc alıram. Verdiyim qərarları, çətinlikdən çıxmaq üçün seçdiyim yolları keçməyə yol yoldaş

larını Allahın qarşıma çıxartdığına inanıram. Təsadüf kimi görünən tanışlıqları nəzərdə tuturam. Məsələn, təsadüfən tanışdığım Ceyhun, onun sayəsində tanışdığım Famiq adlı biriləri. Famiqin sayəsində tanışdığım, sonralar çalışdığım saytın redaktoru Mirələm, onun sayəsində tanışdığım İlham Məhərrəmov (red. 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə və Reabilitasiya mərkəzi Paralimpiya komitəsinin koordinatoru), daha sonra məni Akademiyaya hazırlayan müəlliməm Rəsmiyyə xanım və direktorumuz Rəhilə xanım və digərləri. Zəncirvari şəkildə həyatımda yer alıb məni addım-addım irəli aparan insanlar olub.

– Fiziki məhdudiyyət sənin üçün nə deməkdir?
– Sadəcə fiziki olaraq hansısa məhdudiyyətdən gedir söhbət. Hansıki bir müddət sonra unudub sadəcə bəzi çətinliklə üzləşdikdə xatırladığın və sonra tezliklə yenidən unudaraq həyatına davam etdiyin bir şey.

– “Destekolaq.az” saytına nə arzu edirsən?
– Çox gözəl bir məqsədə xidmət edirsiz. İşlərinizin çox çətin olduğunu düşünürəm. Ancaq arzu edirəm ki, bu yolda inadkar və səbrli olmalısınız. Təbii ki, hər qaranlıq gecənin ardındakı günəşi və bol uğuru arzu edirəm.