Əlilliyi olan və xüsusi dəstəyə ehtiyacı olan əhali qrupları üçün yaradılan Destekolaq.az saytı öz missiyasını uğurla davam etdirir. Daha əvvəl Boccia idmanı haqqında məlumat vermişdik. Azərbaycan Boccia İdman Federasiyasının baş katibi İlham Məhərrəmov və onun komandası bu idman sahəsində kifayət qədər uğurlar əldə edib. Xatırladaq ki, Boccia İdman Federasiyası 2018-ci ilin mart ayında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın şəxsi dəstəyi ilə yaradılıb. Boccia idmanı üzrə Milli Komandamızın üzvlərindən biri də Bəhruz Mirzəyevdir. 1988-ci il təvəllüdlü idmançı yeniyetmə yaşlarından əlil arabasına məhkum olub. Lakin boccia ailəsi, başda İlham Məhərrəmov olmaqla Bəhruza sağlam gələcəyinə dair böyük ümid verib. Hazırda boccia üzrə ikiqat Azərbaycan çempionu olan həmyerlimiz daha böyük nailiyyətlər uğrunda mübarizə aparmaq əzmindədir. Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə təşkil edilən Milli İdman Tibb və Reabilitasiya İnstitutunda Bəhruz da daxil olmaqla yerimə məhdudiyyəti və əzələ zəifliyi olan 10 nəfər boccia idmançımızın reabilitasiya keçməsi üçün bütün lazımi şərait yaradılıb.

***

Salam, xoş gördük sizi, necəsiz?

Salam, xoş gördük.

İlk olaraq bundan başlayaq ki, Boccia İdman Federasiyasına nə vaxt qoşulmusunuz?

Boccia İdman Federasiyasına 2018-ci ilin mart ayından qoşulmuşuq. Çox sevinirik ki, Federasiyamız var. Buna görə bizə dəstək olan ilk növbədə Leyla xanım Əliyevaya, həmçinin ölkə rəhbərliyinə minnətdarıq. Təbii ki, Baş məşqçimiz İlham müəllimə də minnətdarıq. O, həm bizim Federasiyanın baş katibidir, həm məşqçimizdir. Ümumiyyətlə bocciaya gəlməyimə görə çox sevinirəm. Yavaş-yavaş da olsa nailiyyətlərə doğru addımlar atırıq. İnşallah, inanıram ki gələcəkdə “Tokio 2020”—də iştirak edəcəm və oradada özümü göstərəcəm.

Bu xəstəliklə necə mübarizə aparırsınız? (red. Bəhruz yeniyetmə yaşlarından miopatiya – əzələ zəifliyi xəstəliyinə düçar olub.)

Çalışıram ki, psixoloji cəhətdən güclü olum. Çünki bu elə bir xəstəlikdir ki, ilk növbədə psixoloji tərəfdən güclü olmasan, əks təqdirdə xəstəlik sənə qalib gələcək, yavaş-yavaş öz ağuşuna alacaq. Ona görə çalışıram bu idmanla məşğul olum, çünki boccia idmanı bizə həm reabilitasiyadır, həm idmandır. Çox gözəl bir oyundur, burada əyilirəm, dururam, bel əzələləri işləyir, qan dövranı artır və s., yəni bu formada…

İstərdik ki, siz öz uğur hekayənizi bölüşəsiniz?

Mən əslində İlham müəllimin sayəsində bunu öyrənmişəm. Kimsə öyrətməsə sən özün öyrənə bilməzsən. Çox sağ olsun, minnətdaram ki İlham müəllim bizə kömək edir. Həm dost kimi, həm də məşqçi kimidir. Sırf məşqçi kimi deyil, həmdə qardaşdı, dostdu. Biz də çalışırıq ki, onun düşündüyü taktikaları, verdiyi tapşırıqları yerinə yetirək. Mən bu uşaqlarnan bir yerdə çalışıram ki, İlham müəllimin üzünü, necə deyərlər, hər yerdə ağ eliyim və daha da ciddi məşğul olum. Biraz ola bilsin ki, psixoloji cəhətdən əlilliyimiz bizə çətinlik yaradır. Ona görə psixoloq məsləhətlərini dinlədikcə çalışırıq ki, gücümüzü qoruyaq. Və gələcəkdə də Azərbaycanımızın bayrağını daima yüksəkliklərdə, zirvələrdə saxlayaq. Bu mənim arzumdur.

Bu vaxtadək hansı yarışlarda iştirak etmisiniz?

Mən öz ölkəmizdə 2 dəfə birinci olmuşam. Belarusda təlim-məşqlərdə iştirak etmişik, özümüzü göstərmişik. Ancaq o sırf təlim-məşq olub. Bu yaxınlarda isə İspaniyada səfərdə olduq. Orada üç ölkəni məğlub etdim: Macarıstan, İspaniya və Fransa. Birinci dəfə idi ki belə miqyaslı yarışlarda özümü göstərə bildim. Onlar da mənim oyunumu çox bəyəndilər. 20 illik təcrübəyə malik oyunçunu məğlub etdim. Dekabr ayında türklərnən dostluq yarışımız oldu. Orada biraz həyacanlı idim, amma buna baxmayaraq 3-cü yeri götürdüm. Bundan sonra da, Allah can sağlığı versin, inanıram ki naliliyyətlərimiz olacaq.

Fiziki məhdudiyyət sizin üçün nə deməkdir?

Bilirsiz, mən oyuna çıxanda məndə fiziki məhdudiyyət görünmür. Fiziki məhdudiyyət olmaq o demək deyil ki, özünə qapanmalısan. Nə olsun ki, fiziki məhdudiyyətlisən, heç kim özünə qapanmasın. Mənim gözümdə fiziki məhdudiyyət sağlamlıqdır. Indiki halda sağlamlıqdır… Bundan əvvəl öz-özümə fiziki məhdudiyyətli kimi baxırdım, deyirdim mən niyə beləyəm? Amma bu oyuna qoşulandan sonra, mən görürəm ki, fiziki məhdudiyyət bildiyim kimi deyil. Elə bir adam var cisminə, vücuduna baxırsan sağlamdı, amma nə dövlətinə, nə valideyininə nə heç kimə bir xeyir vermir. Şükür Allaha ki mən az da olsa özümü göstərə bilirəm.

Fiziki məhdudiyyətli gənclərə nə arzu edirsiniz?

Bəzən valideyinlər övladları fiziki məhdudiyyətli olduğuna görə utanırlar. Eləsi var, utanır ki, mənim övladım çıxacaq küçəyə, kimsə ona baxacaq, nə bilim, lağ eliyəcək və yaxud nəsə… Ona görə də mən sağlam cəmiyyətə demək istəyirəm ki, fiziki məhdudiyyətli görəndə çalışın ki, onlara yaxın olun. Onlar da sizdən görüb maariflənsinlər. Heç kim deyə bilməz ki, iki saniyədən sonra başına nə gələcək. Mən sağlam olub sonradan fiziki məhdudiyyətli olmuşam. Və fikizi məhdudiyyətli insanların valideyinlərinə demək istəyirəm ki, gəlin bizim Ramana qəsəbəsindəki gözəl 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinə, övladları burada oxusun, bizim gözəl boccia ailəmiz var, bocciaya qoşulsunlar və gələcəkdə sizin imkanınız, hər bir şeyiniz ola bilər. Mən fiziki məhdudiyyətliyəm demək, o demək deyil ki, mən heçnə bacarmıram. Bacarırıq, biz bəzi sağlam insanların çoxundan hər bir şeyi yaxşı bacarırıq.

Səhhətinizdə nə baş verdi?

Mən o vaxt özümü fiziki məhdudiyyətli hiss edirdim. O hisslər məni gətirdi bu arabaya otuzdurdu… Dedim mən utanıram, mən niyə belə oldum… O formada axır-axırda arabaya məhkum oldum. Özümə qapandım. Amma bura gələndən sonra, 3 ildir burdayam, məndə çox dəyişikliklər oldu. Mən hətta indi yerimək istəyirəm… İstəyirəm yeriməyə cəhd edim.

Səhhətinizdə bir irəliləyiş varmı?

Hələki irəliləyiş olmasa da, geriləmə də yoxdu. Səhhətimi stabil vəziyyətdə saxlamışam. İnşallah, Allahın möcüzələri çoxdu. Ola bilər, gələcəkdə bir həkim çıxar qarşıma, bir böyük professor çıxar, və o məni yeridə bilər…

Destekolaq.az komandasına nə arzu edirsiz?

Sizə gələcəkdə nailiyyətlər və əsas can sağlığı arzu edirəm. Çünki can sağlığı olmasa insan irəliləyə bilməz. Bizə dəstək olan bütün insanlara öz minnətdarlığımı bildirirəm. Sizlərə də minnətdaram ki, bizləri hər zaman işıqlandırırsız. Çox sağ olun.