“Destekolaq.az” saytı Uğur hekayəsi bölümündə yeni müsahibəni təqdim edir. Bu dəfəki qonağımız “BestFm” Onlayn Radio və Televiziyası MMC-nin rəhbəri dur. Məlumat üçün bildirək ki, sözügedən radio 2013-cü il may ayının 10-da ümummilli lider Heydər Əliyevin doğum günü və eyni zamanda 90 illik yubileyi münasibətilə fəaliyyətə başlayıb. Onlayn radio və televiziya cəmi iki il ərzində gündəlik, 24 saat peşəkar komanda ilə fəaliyyət göstərməyə başlayıb. “Bestfm.az” qısa fəaliyyəti dövründə kifayət qədər dinləyici auditoriyası toplayıb. Onlayn radionun yaradılmasında əsas məqsəd ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, həmçinin onun Vətənimizin rifahı naminə yürütdüyü doğru siyasət yolu haqqında təbliğatı genişləndirməkdir. Həmçinin, 24 saat ərzində radionun dinləyicilərinə milli və xarici musiqilər, dünyada və ölkədə baş verən içtimai-siyasi, iqtisadi, mədəniyyət, şou, idman və hava haqqında məlumatlar çatdırlır. Onlayn radionun rəhbəri Aqil Məmmədovla “Bestfm”in studiyasında görüşürük.

***

Aqil bəy salam, xoş gördük sizi, necəsiz?

Çox sağ olun, yaxşıyam, xoş gəlmişsiniz.

Destekolaq.az saytı ilə bağlı ilkin təsəvvürləriniz var, bu barədə nə deyə bilərsiniz?

Sizin saytınızı feysbukdan izlədim, çox gözəl bir saytdır, fiziki məhdudiyyətli insanlara üçün bu daha əlverişlidir, saytınızı bəyənirəm, bəzi insanlara kömək edirsiniz, biz də razıyıq.

Sizin uğur hekayənizi eşitmək istərdik…

Ümumiyyətlə radio və televiziya sahəsinə çox böyük marağım var, ilk dəfə başqa bir onlayn radiodan başladım, “Türk dünyası” verilişinin aparıcısı olmuşam. Daha sonra oradan ayrıldım və düşündüm ki, bu cür onlayn radio açmalıyam, çünki internet radio mənim üçün böyük önəm daşıyır. Həmdə XXI əsrdə yaşayırıq, indi internet dövrüdür. İlk öncə bu radionu kimin adı ilə bağlayacağım barədə düşündüm. Qərara aldıq ki, ümummili lider Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində fəaliyyətimizə başlayaq. Beləliklə, 2013-cü il may ayının 10-da biz onlayn yayıma çıxdıq. Artıq 5 ildir fəaliyyət göstəririk.

Yəqinki ilkin mərhələdə çətinlikləriniz oldu. Kimlər sizə dəstək olub o anlarda?

Həqiqətən də çox çətin idi. Fiziki məhdudiyyətli insan üçün bu daha çətindir, çünki özün işləyirsən, qonaqları qarşılayırsan, işçilərlər çalışırsan, bəzi şeyləri izah edirsən. Nə qədər çətin olsa da öz peşəmi çox sevirəm, çünki heç vaxt yorulmamışam, ruhdan düşməmişəm, bəli məni qınayanlar da oldu, ki neynirsən bu işi, get öz həyatını yaşa. Baxdım ki, gəzib dolaşmaqla həyatı istədiyin kimi yaşamaq olmur. Həyatda yaxşı yaşamaq üçün bir iş qurmalısan. Düzdü, bizim bir gəlir mənbəyimiz yoxdur, ki deyək dövlət tərəfindən maliyyələşirik, yox. Ancaq belə çətinliyimiz də yoxdu, sadəcə maliyyə məsələsi də olsa, yəni biz otaqlarımızı genişləndirərik, daha çox kütlə yığa bilərik, indi sadəcə kiçik bir otaqda bütün işlərimizi yayımlayırıq. Amma nə edək? Balaca olsaq da səsimiz hər yerdən gəlir.

Niyə məhz bu sahəni seçdiniz?

Hər bir insanın sevdiyi bir sənət olur, mən elə düşünürəm ki əsl oturaq iş elə bu işdi, həm televiziya həm radio oturaq işdir, başqa bir iş mənlik deyil, çünki başqa bir işin öhdəsindən gələ bilmərəm. Bu daha gözəl sahədir. Amma söhbət radio və televiziya sahəsindən başı çıxan adamnan gedir təbii ki.

Kollektiviniz barədə nə deyə bilərsiniz?

Kollektivimiz çox gözəldir, çünki hər kəs mənim yanımda təmənnasız olaraq çalışır. İstərdim ki, dövlət tərəfindən maliyyə yardımı olsun, ki, ən azından kimsə buradan evinə bir çörək pulu apara bilsin. Belə daha yaxşı olardı. Ümid edirəm ki, səsimiz bir gün cənab prezidentə çatacaq, çünki mən Ulu öndər Heydər Əliyevi uşaqlıqdan sevmişəm. Biz bu radionu Ulu öndərimizin 90 illiyinə həsr etmişik. İnşallah ki, yaxşı olar. Onu da deyim ki, 10 nəfər aparıcımız var. Onu da xanımlardı, bəylər yoxdu.

Niyə?

Bəylər bizimlə çalışa bilməz, çünki həm gəlir olmadığı üçün, həm də onlar bura bəzən başqa niyyətlərlə gəlirlər, mən istəmirəm, elə 10 nəfər xanım mənə bəs edir, çünki onları əlimin içi kimi tanıyıram. Xanımlar da burada rahatdırlar, verilişlərini aparırlar. Elə insanlar varkı onlara etibar yoxdu, öz iş yoldaşına pis gözlə baxanlar da görmüşəm, məncə belə olsa daha yaxşıdır, sakitçilik, iş prinsipinə görə xanımlar bəylərdən daha üstündür, çünki bu günləri ən çox dinləyici xanıma görə qulaq asır, bəyləri heç dinləyən də yoxdur.

May ayında “Bestfm”-in 5 yaşını qetyd etdiniz, bu barədə nə deyə bilərsiz?

Tədbirimiz çox gözəl keçdi, amma həmin vaxtda yollar bağlı oldu. Bu səbəbdən böyük kütlə olmadı. Buna baxmayaraq az oldu, təmiz oldu, gözəl oldu. Mənə əsas lazım olan o idi ki dövlət qulluqçuları mənim yanımda olsun, ki onlar mənim işimin şahidi olsunlar. O da oldu. Hacı Nurana mən həqiqətən böyük təşəkkürlərimi bildirirəm, bəzi adamlar deyirdi ki, gözələməzdim onlar gələ, amma mən gözləyirdim, Adil Əliyev bizim millət vəkilimiz gəldi, sağ olsun, hətta tədbir günü mən, səhnə qaranlıq olan zaman gördüm ki, bir nəfər mənə əl eləyir zaldan bildim ki bu odu. Amma biraz yolların bağlı olması məni narahat edirdi. Onlar gəlməyə də bilərdi. Amma sağ olsunlar ki gəldilər. Hacı Nurana da sonsuz təşəkkürümü bildirirəm ki gəldi, Allah şəfasını versin doğurdan da Hacı Nuran bizə əl tutdu, mən ondan yenə də dəstək gözləyirəm, Adil müəllimdən də, bütün dövlət işçilərindən, hardasa ümidim var ki, bizim onlayn fm tezliklə tezliyə keçəcək. Yaxşı olacaq inşallah. Məndə bir xasiyyət var ki, bir işə nail olmayınca əl çəkmirəm. Ya iş məni “udmalıdır” ya mən işi udmalıyam. İkisindən biri olmalıdırJ. Allahın izni ilə, çünki bu yerə gəlib çıxacağımı bilmirdim əslində. Bəzi adamlar deyirdi ki, bu çətin sahədir sən əlil adamsan, hamı çıxıb gedəcək, yoldaşı qısqananlar da olacaq, ailəsi istəməyən də. Ilk vaxtlardan Aynur Nadirqızı mənim yanımda olub, bizim bu səviyyəyə gəlib çatmağımızda Aynur xanım, Günay xanımın dəstəyi çox olub, yəni burada mənim işçilərim maddi maraq güdmürlər, çünki onlar bilir ki, biz Fm tezliyinə keçəndən sonra bizim gəlirlərimiz də olacaq. Hal-hazırda sadəcə dəstəkdirlər mənə, çox sağ olsunlar.

Fiziki məhdudiyyətli insanların sağlam cəmiyyətə inteqrasiyası ilə bağlı nə düşünürsüz?   

Şəhərdə özüm çox gedib gəzirəm, əlillər üçün panduslar düzəldiblər, əvvəllər biz kiməsə deyirdik ki, gəlin bizim arabamızı qaldırın, indi daha özümüz sərbəst gedirik. Amma elə sahələr olur ora daxil ola bilmirik, məsələn, konsert zalları. Bəzi alış-veriş məkanları var ki girə bilmirik, pilləkanlar, nərdivanlar var, yaxşı olardı ki bunları yoluna qoysunlar. Mənim şəhərə getmək üçün hər dəfə 20 manat taksiyə pulum çıxır. Bu bizə sərf eləmir, çünki 155 manat təqaüd alırıq. Gəl indi sən 155 manatla buranı saxla, özünü saxla, sonra da ailəni saxla. 155 manatla bunu etmək olarmı? İstərdim ki bu Xırdalan şəhərinə də “BakuBus” avtobuslarından versinlər. Heç olmasa “20 yanvar”a gedib çıxa bilək, oradan da şəhərə gedə bilərik. Bizim üçün bu böyük şeydi.

Mənim üçün dünyada ilk öncə sağlamlıqdır. Mən sağlamlığımı nə var-dövlətə, nə maşın, nə evə dəyişmərəm. Çünki insan sağlam olandan sonra o, kartonun altında da yata bilər, bir tikə çörək də yesə, su da içsə məncə bəs edər, amma ki, xəstə olub sənin var dövlətin olacaqsa inan ki, o imkanlar sənin xəstəliyinə çarə tapa bilmir.

 

Ailə qurmaq fikriniz var?

Əlbəttə ki hər bir insan istəyər ki onun ailəsi olsun. Amma etibar edə bilmirəm. Nə bəylərə nə xanımlara inana bilmirəm. Çünki bəzən xanımlarımızı qıyanırlar, xanımları qınamaq yox əslində kişilər özlərini qınamalıdır ki, onlar özlərini düzəltsin, ki xanımlar da onlara yaxın gəlsin.

Günay xanım sizinlə birlikdə çalışır? (red. Günay Fuadqızı, şairə, yazar)

Günay xanım bizdə həm baş prodüserdi, həm də aparıcıdır, “İncəsənət saatı”nı aparır. O həm də bizim reklam şöbəsinin direktorudur. Günay xanım da çalışır, vuruşur biraz pul gətirsin J. Çətinliklə pul qazanırıq.

Günay xanım, Aqil bəylə işləmək necədir?

Hardasa 3 ilə yaxındır ki Aqil müəllimi tanıyıram, amma Aqil müəllimlə fəaliyyətim 2 ilə yaxındır. Əvvəllər jurnalistikaya böyük həvəsim olub. Amma əsas sənətim müəlliməlikdir. Ağlıma gəlməzdi ki, bu sahəyə gəlib, radioda işə başlayam. Amma Aqil müəllimdə o potensialı, o enerjini gördükdən sonra məndə həvəs yarandı, o bir növ məni sövq elədi radioya.  Başladıq işləməyə, çox şükür ilk efirimiz də uğurlu oldu, ilk efirimizdə tanınmış rejissor və aktyor Ramin Hacıyev qonağımız oldu, daha sonra maraqlı şairə xanımlar studiyamıza gəldilər. Aqil müəllimə təşəkkür edirəm məni bu işə sövq elədiyinə görə. Bundan sonra mən daha da tanınmağa başladım. Daha böyük uğurlar əldə etdim. Necə ki ilk addımımı bu radioda atdım sonadək də buradayam, Aqil müəllimin yanındayam. O da bizim arxamızdadır.

Aqil bəy radionun xərclərinin öhdəsindən necə gəlirsiz?

İşim barədə heç vaxt yalan danışmamışam. Ayda 30 manat işığa verirəm, 20 manat internetə ödəniş edirik, 2.50 manat telefona, 5 manat su pulu və s. Bunun özü də puldu. Tək elə buranın xərci ayda 70 manat təşkil edir. Bu radioya necə can yandırdığımızı bir Allah bilir. Bəzi qurumlar bu sahənin üstünə düşsə daha yaxşı olar. Səsimiz yuxarılara çatmır. Saytı öz pulumla bir nəfərə sifariş əsasında hazırlatmışam. Serveri Türkiyədən aldıq, əvvəl dollar ucuz idi, amma indi dollar qalxıb, radionun serverinin ödənişinə 6 ay qalıb ona görə indi fikirləşirəm ki necə ödəyəcəm. Ümidlərimizi kəsmirik, hələki vaxta var, Allah kərimdi.

Səhhətiniz nə yerdədir?

Əlillərin bərpa mərkəzində 6 aydan bir müalicə almıram. Bu yay biraz problemlər çıxdı gedə bilmirəm. Müalicə almaq daha gözəldir. Bu problem məndə qəzadan sonra baş verib, mən qollarımın və ayaqlarımın gücünü itirdim. Bu məsələ sevgi mövzusunda olub, ona görə bu barədə danışmaq istəmirəm. Bu hadisəni sirr saxlayıram.

Qəzadan sonra hazırda yaşadığınız mühitə necə adaptasiya oldunuz?

Bilirsiz sağlam bir insan xəstəliyə düşəndən sonra, yəni fiziki məhdudiyyətli olandan sonra istədi-istəmədi adaptasiya olur, başqa yol yoxdur. Ya gedib özünü öldürəcəksən, özünü öldürmək isə acizlik əlamətidir. Bu imtahandır, hər kəs sağlam ola bilməzki. Bu dünyada hər kəs sağlam olsa idi bu həyat mənasız olardı. Bəzən özüm-özümə sual verirəm ki, mən belə olmamalı idim, amma bu söz heç dində də bəyənilmir. Çünki belə xeyirli imiş belə də olmalı idi.       

Destekolaq.az saytına nə arzu edirsiz?

Destekolaq.az saytına ilk növbədə təşəkkürümü bildirirəm ki mənlə gəlib maraqlanırlar. Mənə dəyər, qiymət verirlər. Saytınızdan həqiqətən razıyam. Adından da bəllidir ki insanlara dəstək olurlar. Sizə həyatda can sağlığı arzu edirəm. İşinizi davam etdirin. Mən özümdən razı deyiləm amma işimdən çox razıyam. Çünki işimi çox sevirəm. İnşallah qısa zamandan sonra böyük şirkətimizdə sizinlə söhbət edərik. Ona ümidliyəm. Çünki mən Allaha sığınmışam. Bütün işlərimi Ona həvalə etmişəm. Demişəm ki, hər şeyə qadir olan sənsən, sağlamlığımı sən aldın, imtahana çəkdin məni. Bunla da mənə belə bir iş qismət etdin. Yəni deyirlər bir qapı bağlanarsa başqa bir qapı açılar. Bəlkədə ayaqüstə olsaydım heç burada oturmazdıq. Hardasa domino “vurardıq” J. Xeyirlisi budur.