Özünün geniş miqyaslı korporativ sosial məsuliyyət proqramı ilə tanınan “Bakcell” şirkəti və Psixoloji Tədqiqatlar Mərkəzinin birgə həyata keçirdiyi destekolaq.az portalı çərçivəsində sağlamlıq imkanları məhdud şəxslər, əmək qabiliyyəti olmayan əlillərin ailə üzvləri, həmçinin internat məktəblərinin məzunları kateqoriyalarından olan insanlara dəstək göstərməyi nəzərdə tutub. Bu məqsədlə Bakı şəhəri 271№-li Tam Orta Məktəbin məzunu, anadangəlmə serebral iflic xəstəliyindən əziyyət çəkən la görüşdük. 20 yaşlı həmsöhbətimiz Bakının Bakıxanov qəsəbəsində kiçik siqaret köşkündə işləyir. Lakin onun arzusu proqramçı olmaqdır, odur ki, Anar bu yaxınlarda “Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətinin artırılması” layihəsində iştirak edərək ingilis dili və kompüter kurslarına qatılıb. Veb-dizayner sahəsində nailiyyətlər qazanmaq arzusunda olan Anarla müsahibəmizi təqdim edirik. Bu arada Anarla görüşümüzə vasitəçi olan 1 Saylı Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Sosial Xidmət Müəssisəsinin direktoru Sevinc Məlikovaya minnətdarlığımızı bildiririk.

***

Salam Anar, xoş gördük səni, zəhmət olmasa özün haqqında bizə məlumat ver…

Salam, mən 1998-ci il təvəllüdəm, anadangəlmə serebral iflic xəstəliyindən əziyyət çəkirəm. Yeriməyə 6 yaşından sonra başlamışam. 271 nömrəli məktəbin məzunuyam. Məktəbi bitirdikdən sonra instituta qəbul olmaq istəyirdim amma alınmadı… Indi hal-hazırda burada işləyirəm. Amma məqsədim kömpüter sahəsi üzrə dövlət işində işləməkdir.

Bu xəstəliklə işləmək sənin üçün yəqin ki çətindir…

Çətinliyim odur ki, bu iş biraz yorucudur. Çox hərəkət edəndə ayağım ağrayır, yoruluram… Çətinliyim sadəcə budur.

Ailən haqqında nə deyə bilərsən?

Biz ailədə 3 qardaşıq. Mənim 2 qardaşım var. Biri məndən böyük, o biri 7 yaş məndən balacadı. Ailədə ancaq mən bu cür xəstəliknən doğulmuşam, o biriləri sağlamdı. Şükür Allaha çörək pulu qazanıram. Çalışmalısan ki qabağa gedəsən. Nəsə etməlisən…

Hansı sahədə işləmək istəyirsən?

Mən veb-dizayn birdə fotoşob sahəsində işləmək istəyirəm. “British Council” həyata keçirdiyi layihə bizə ixtisaslar təklif edir. Sentyabr ayından o ixtisas üzrə çalışacağıq. Əsas olaraq veb-dizayn üzrə işləmək istəyirəm ki, qabağa gedə bilim. Gələcəkdə inşallah proqramçı olmaq istəyirəm, bu mənim uşaqlıqdan arzumdu. Kompüterə çox həvəsim var. O sahə üzrə də bu layihəyə qoşuldum. İstərdim ki, kompüter kursunu daha çox öyrənim, nəyəsə nail olum. Bu layihədə iştirak etdiyimə görə Nigar xanıma və Murad müəllimə çox minnətdaram. Onların sayəsində kompüter sahəsi üzrə qabağa getmək arzum gerçəkləşdi.

Səhhətin hazırda nə yerdədi?

Müalicə almışam, 4 dəfə əməliyyat keçirmişəm. Diz qapaqlarım açılmırdı. 4-cü əməliyyatdan sonra açıldı. İndi problem odur ki, çox hərəkət edəndə, çox ayaq üstə olanda diz qapaqlarım ağrayır.

Fiziki məhdudiyyət sənin üçün nə deməkdir?

Əslində mən buna alışmışam, yəni ki mənim üçün çox da maneəçilik yoxdu. Bir müddət əlillər cəmiyyətində işləmişəm, ordakı insanları görmüşəm, yəni ki onlara baxanda çox çətinliyim yoxdu şükür Allaha.

Destekolaq.az layihəsi ilə bağlı nə düşünürsən?

Iş elanları deyildikdə, istəyirəm ki mənə görə də istədiyim kimi bir iş olsun, kompüter sahəsi üzrə, o işi də sizin köməyinizlə, inşallah, taparam.