Azərbaycan Əlil Velosipedçilər Klubunun təsisçisi, ARB TV-də yayımlanan “Biz Birik” layihəsinin müəllifi və aparıcısı, qrafist-dizayner Amid Həsənquliyevlə müsahibə…  

***

Salam Amid, xoş gördük səni, necəsən?

Çox sağ olun, yaxşıyam.

Yeni yaradılan “destekolaq.az” portalı haqqında nə düşünürsən?

Bir qədər öncə portalın feysbuk səhifəsini gördüm, izlədim. Əslində indiki zamanda sosial şəbəkələr daha çox izlənilir, bəlkədə televiziyadan da çox… Baxdım, həqiqətən mənə də xoş gəldi. Televiziya məkanında ilk əlil arabasında çıxış edən jurnalist kimi tanındım. Sevinirəm ki, əlilliyi olan insanlarla bu cür maraqlanırlar. Yeni portal yeni imkanlar deməkdi. Tanımadığımız fiziki məhdudiyyətli insanların həyat hekayələrini bizə tanıdırlar…

İstərdik sənin uğur hekayənlə tanış olaq… Nədən başladın, hansı sahələrdə fəaliyyət göstərirsən və s…

15 yaşından televiziya sahəsində çalışıram. Demək olar ki, Azərbaycanda fəaliyyət göstərən televiziya məkanlarının hər birində çalışmışam. 8 il bundan öncə avtomobil qəzası keçirdim. Bel fəqərəmdə sınıq oldu və artıq əlil arabasına məhkum oldum. Buna qədər aparıcılıq qabiliyyətimi sınamışdım amma açığı deyim bir qədər utanırdım efirə çıxmağa. Kameraarxası işlərdə çox çalışmışam, həm operator, həm baş operator vəzifəsində işləmişəm, montajor olmuşam, qrafika işləri və s.

Bilirsiz, hər bir insanın həyatında uğur hekayəsi var, bunu sadəcə kəşf etmək lazımdır. Mənim uğurlarım əvvəllər də var idi. Amma qəzadan sonra sanki daha da artdı. Halbuki bu hadisədən sonrakı həyatım daha fərqli oldu deyə bilmərəm… Baxdım ki, boş oturmaqdan bir iş çıxmaz. Düzdü, həyatım birdən-birə dəyişdi. Bir il ərzində stres içində oldum… Başa düşdüm ki, artıq cəmiyyət içinə çıxmaq lazımdır. Belə gətirdi ki, televiziyaların birində fəaliyyətimə başladım. Artıq 8 ilə yaxındır ARB-24 TV-də baş qrafist-dizayner, həmçinin ARB TV-də qrafist-dizayner kimi çalışıram. Mənim gördüyüm işlərdən tamaşaçı heç anlamaz ki, bunu əlilliyi olan bir şəxs edib. Ona görə fikirləşdim ki, bir qədər fərqli düşünməliyəm. Cəmiyyətə çıxdıqca anladım ki, əlilliyi olan insana baxış tam başqadır. Əvvəlki illərlə müqayisədə bu sahədə get-gedə inkişaf var. Fiziki məhdudiyyətli insanlara baxış açısı da dəyişir. Yeni iş yerləri açılır, müəyyən şərait yaradılır. Bir neçə il bundan əvvəl belə bir televiziya layihəsi irəli sürdüm – “Biz birik, hekayələrimiz fərqli olsada”… Hazırda çalışdığım televiziya rəhbərliyinə təşəkkür edirəm, çox xoş qarşılandı. Aparıcı kimi ilk fəaliyyətimə elə burdan başladım və Azərbaycanda bir ilk oldu – əlil arabasında çıxış edən aparıcı… Başladım fiziki məhdudiyyətli insanların həyat hekayələri haqqında yarım saatlıq verilişlər hazırlamağa. Fikirləşirəm ki, bu da mənim uğurumdur, mən cəmiyyət üçün yararlı olmağa çalışıram və əlimdən gələni edirəm ki özüm kimi fiziki məhdudiyyətli insanların həyatlarını göstərim. Onlar da yaşamağa davam etsin və ruhdan düşməsinlər. Bu verilişə baxıb onlar da stimul qazanırlar ki, efirlərdə daim fiziki məhdudiyyətli insanları göstərirlər, onlara diqqət var. Məncə, fərqi yoxdu insan əlildir yoxsa əlil deyil, hər bir kəsin özündə kəşf edə biləcəyi istedadı var. Sadəcə öz üzərində çalışmalısan.

Əlil Velosipedçilər Klubunu yaratmaq ideyası necə yarandı?

Əvvəllər, sağlam ikən, velosiped sürürdüm. Heç ağlıma gəlməzdi ki mən qəza keçirdərəm… Qəzadan sonra fikirləşdim ki, mən artıq yeni-yeni layihələr irəli sürməliyəm. Odur ki, “Biz Birik” televiziya layihəsi ilə yekunlaşmadım. Təbii ki, öncə araşdırdım, əlilliyi olan şəxs velosiped sürə bilərmi? O zaman məlumatım az idi. Gördüm ki, dünya təcrübəsində bu çox geniş vüsət alıb, əlilliyi olan insanlar var ki bu idmanla, yəni handbayk deyilən əl velosipedi yarışlarında bir neçə qat avropa çempionu, dünya çempionu olublar. Hardasa 5 ay olar ki biz bu layihəni həyata keçirməyə başlamışıq. Azərbaycan Əlil Velosipedçilər Klubunu təsis elədik. Bu müddət ərzində böyük uğurlarımız oldu. Azərbaycan Velosiped Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov bizimlə görüşdü və diqqət yetirdi. Şəxsən mən Azərbaycanda BMX üzrə keçirilən dünya çempionatını VİP oturacaqlardan izlədim. Demək olar ki, yarışların hamısında tamaşaçı qismində iştirak etmişəm. Hətta Beynəlxalq Velosiped İttifaqının prezidenti David Lappartyen Azərbaycana səfəri çərçivəsində bizim komandamızla görüşüb (red. http://handbike.az). Bu bizim üçün böyük uğurdur. Lakin hazırda bizim əl velosipedlərinə (handbike) ehtiyacımız var. Hələki cəmi bir velosipedimiz var. Bunu prototip kimi hazırlamışıq. Bu ölkəmizdə bir ilk oldu. Həmin velosipedlə mən və Qarabağ qazisi Bəhlul Tufan (red. feysbuk: Бэлул Туфан) builki #küləyəqalibgəl şüarı altında keçirilən Bakı Marafonuna qatıldıq. 21 kilometr məsafəni biz öz düzəltdiyimiz velosipedlə qət elədik. Şərt o deyildi ki, birinci olaq. Əsas məqsəd o idi ki, biz cəmiyyətə göstərək ki, biz də varıq. Demək istəyirdik ki, hər kəsin ayaqla qaçdığı yolu biz əllə qaçarıq, yetər ki bizə etimad göstərilsin. Devizimiz budur – “biz öz gücümüzə inanırıq”. Amma hələki maddi dəstəyə ehtiyacımız var. İnanırıq ki, biz bu təbliğatla gələcəkdə 50-100 nəfəri ətrafımıza topalayaq bu cür yarışlar təşkil edə biləcəyik. Bu eyni zamanda fiziki məhdudiyyətli insanlar üçün bir reabilitasiyadır.

Istərdik ki səhhətinlə bağlı danışasan… Necə oldu ki, qəza keçirdin və sonrakı reabilitasiya dövrü necə keçdi?

8 ilə yaxındır ki avtomobil qəzası keçirmişəm. Bel fəqərəmdən zədə aldım və hazırda əlil arabasındayam, ayaqlarımda hissiyat yoxdur. Reabilitasiya və idmanla daim məşğul oluram, amma təbii ki, evdə məşğul olmnaq tam başqa, klinikalarda olan müalicələr tam başqa… Maddi vəziyyətim yaxşı olsa daimi reabilitasiya kursu keçərdim. Çünki 2-3 il güclü reabilitasiya keçməlisən ki, nəticəsini görə biləsən. Hazırda özümü biraz idman və iş fəaliyyətinə adaptasiya etmişəm. Cəmiyyət üçün yaralı insan olmağa çalışıram, bu səbbədən özümü tam idman və reabilitasiya müalicələrinə kökləyə bilmərəm. İşimə daha çox zaman ayırmalıyam.

Evlənmək qərarını necə verdin?

Ailə qurmaq hər bir kəs üçün önəmli məsələdir. Əlilli olan şəxs üçün bu daha da önəmlidir, çünki fiziki məhdudiyyətli bir şəxs daima qayğıya ehtiyac duyur. Fikirləşdim ki bu bir qismətdir və həyat davam edir, əgər məni bu halımla qəbul edən bir insan varsa niyə də yox? Bugünkü gündə bir çox fiziki məhdudiyyətli insanlar varkı ailə qururlar və möhtəşəm toylar edirlər. Bu sevindirici bir haldır. Bəzən fikizi məhdudiyyətli insanlar ailə qurarkən müəyyən problemlərlə rastlaşırlar, bəzi ailələr razı olur, bəziləri razı olmur. Bilirsiz, bu həyatdır, bilmək olmaz sabah kimin başına nə iş gələ bilər. Əlil arabasına məhkum olan insanın 5-10 il sonra hansı nailiyyətlər əldə edə biləcəyini də bilmək olmaz. Bəlkə fiziki məhdudiyyətli bir insan 10 ildən sonra böyük nailiyyətlər qazanacaq və ailəsini daha yaxşı şəraitdə yaşadacaq. Bu səbəbdən bu məsələyə yaxşı tərəfdən yanaşmaq lazımdır. Düşünürəm ki ailə gözəl şeydi və hər həsə xoşbəxtlik arzu edirəm.

Fiziki məhdudiyyət sənin üçün nə deməkdir?

İlk dəfə əlil arabasına oturanda mənə təəccüblü gəldi ki, mən arabadayam. Özümdə bir inam yarandı ki mən tez ayağa duracam. Belə 8 il keçdi və mən bu halıma alışdım artıq. Şükür edirəm… Heç vaxt demədim niyə, nə üçün, nədən ötrü? Qismətimdə bu varsa mən bununla barışdım. Vəziyyətimə baxıb utanmıram, bu vəziyyətimlə də nələrsə etmək istəyirəm. Düzdü, qəzadan sonra 1 il stresdə oldum. Təsəvvür edin sərbəst gəzirsiz, iraq olsun bir qəza baş verir və həyatınız tamamilə dəyişir. Siz artıq fərqli bir insana çevrilirsiniz. Çünki birdən-birə fiziki məhdudiyyətli insan olmaq bu tamami ilə fərqli bir insan olmaq deməkdir. Həyat tərzin dəyişir, dostların dəyişir, ətrafın dəyişir… Sən elə bil nəsə axtarırsan, düşünürsən ki, mən nəsə edim ki cəmiyyət məni görsün. Bəzən olur ki fiziki məhdudiyyətli insanlara az diqqət yetirilir. Hər hansı bir tədbirdə, mənimlə gözəl davrananda sevinirəm. Halbuki əvvəl heç bu barədə fikirləşmirdim. Hamı kimi düşünürdüm. İndi isə biraz diqqət görəndə sevinirəm ki mənə diqqət göstərirlər. Əksinə diqqət görməyəndə adi insanlardan 5 qat çox üzülürəm ki yəqin mənim arabada olduğum üçün mənə diqqət vermədilər. Beynimdə fikirləşirəm ki, əgər Allahın bir möcüzəsi olarsa, ola bilər ki mən də ayağa dura bilərəm, ola bilər durmaya bilərəm… Bu səbədən bugünkü həyatımı yaşayıram. Bu günümü və sabahımı fikirləşərək yaşayıram. Düşünmürəm ki sabah ayağa duracam. Fikirləşirəm ki sabah bu vəziyyətimlə daha nələr edə bilərəm? Çünki sağlam insanın həyatı ilə fiziki məhdudiyyətli insanın həyatı tam fərqlidir…

“Destekolaq.az” saytına nə arzu edirsən?

az saytına ilk növbədə uzunömürlü olmağı arzu edirəm. Düşünürəm ki, bu təşəbbüs bir çox insanlara dəstək olacaq. Əminəm ki, bu insanların içərisində biz də ola bilərik. Aylarnan çalışırıq ki Azərbaycan Əlil Velosipedçilər Klubuna dəstək qazanaq. Heç olmasa xaricdən 3-4 ədəd handbayk – əl velosipedi alınsın ki, biz də 3-4 nəfər əlilliyi olan şəxs qoşulaq 10-15 nəfər velosipedçiyə və onlarnan birlikdə velosiped sürək, idmana qoşulaq, reabilitasiyaya qoşulaq. Inanıram ki, bu saytın dəstəyi ilə bizə də bəlkə bir qapı açılar. Nəinki bizə digər insanların da ideyalarına dəstək olarlar inşallah.