İş adamlarının diqqətinə!

Hörmətli sahibkarlar, müəssisə rəhbərləri, yardım etmək niyyətində olan hüquqi və fiziki şəxslər!

Destekolaq.az saytı həm də sizin istək və arzularınızı reallaşdırmaq niyyətindədir. Siz bu sayt vasitəsi ilə sağlamlıq imkanları məhdud vətəndaşlarımızın bilik və bacarıqları, əl işləri, əmək məhsulları ilə tanış ola, ehtiyac duyduğunuz vakansiya üzrə onları işlə təmin edə bilərsiniz. Biz bu yolla bir növ sizin də işinizi asanlaşdırmış oluruq, həmçinin ehtiyacı olan daha bir ailənin rifah halının yaxşılaşdırılmasına vasitəçilik edirik.

Sağlamlıq imkanları məhdud vətəndaşların sosial müdafiəsi qanununun 4-cü bəndinə əsasən, hər bir sağlamlıq imkanları məhdud şəxs ona münasib işdə çalışa bilər (tibbi-sosial ekspertizanın rəyindən sonra). 1992-ci ildə qəbul edilən Əlilliyin profilaktikası və əlilliyi olan şəxslər haqqında Akt bu qəbildən olan şəxslərə qarşı ayrı-seçkiliyi qadağan edir.
Azərbaycan Əmək Qanunvericiliyi sağlamlıq imkanları məhdud vətəndaşlara əmək bazarında xüsusi imtiyazlar da verir. Bu qəbildən olan 18 yaşınadək işçilərə əmək məzuniyyəti 42 təqvim günündən az olmayaraq verilir. Onlar gecə vaxtı görülən işlərə yalnız onların yazılı razılığı ilə müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınmaqla cəlb edilə bilərlər. Bundan başqa, vətənin müdafiəsi və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda iştirak zamanı öz qabiliyyətinini itirərək əlil olmuş işçilər attestasiyadan azaddır.

Qeyd edək ki, Azərbaycan Respublikasının Əmək qanunvericiliyi sağlamlıq imkanları məhdud vətəndaşların işə cəlb edilməsi istiqamətində hüquqi şəxslər üzərinə də məsuliyyət qoymuşdur. Belə ki, Nazirlər Kabinetinin 213 nömrəli 22 Noyabr 2005-ci il qərarına əsasən, 25 nəfərdən çox işçisi olan hər bir təşkilat iş yerlərinin 3%-i (1 yerdən az olmamaq şərtilə) bu qrupdan olan şəxslərə ayırmalıdır. Kvotanın tətbiq edilmə mexanizminə gəldikdə isə, ilk olaraq şəhər, rayon məşğulluq mərkəzləri müəssisələr üçün kvota ilə müəyyən olunmuş iş yerlərinə müvafiq işçiləri göndərir. İşəgötürən işçini qəbul etmədiyi təqdirdə, inzibati cərimələr müəssisə rəhbərinin əmək haqqından və ya digər gəlirlərindən tutulur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin illik hesabatlarına əsasən, hər il yüzlərlə sağlamlıq imkanları məhdud şəxs işlə təmin, yüzlərlə vətəndaş isə peşə hazırlığı kurslarına cəlb edilir. Nazirliyin sifarişi əsasında qeyri-hökumət təşkilatları tərəfindən də sağlamlıq imkanları məhdud uşaqlara sosial reabilitasiya xidmətlərinin göstərilməsi, sağlamlıq imkanları məhdud uşaqların müalicəsi və asudə vaxtlarının təşkili istiqamətində neçə-neçə maraqlı layihələr həyata keçirilir.

Amma bu cür xidmətlərin göstərilməsində iştirak etmək, ən azından vasitəçi olmaq yalnız müvafiq qurumların deyil, hər birimizin vətəndaşlıq borcudur. Bütün bu proseslər inkluziv cəmiyyətin yaranmasına xidmət edir. Hər birimiz könüllü olaraq bu işə öz töhfələrimizi verə, dəstəyimizi əsirgəməyə bilərik.

Göründüyü kimi sağlamlıq imkanları məhdud vətəndaşların əmək bazarına cəlb edilməsi dövlətimizin daim diqqətindədir, ölkəmizdə bu sahədə görülən işlər gün-gündən artır və səmərə verir. Destekolaq.az saytının kollektivi də məhz elə bu məqsəd naminə çalışır.

Əziz həmvətənlərimiz, siz də bu xoş niyyətli fəaliyyətimizə biganə qalmayın.

Hörmətli iş adamları, işçini uzaqda axtarmayın, destekolaq.az sizin sağ əliniz olsun!

destekolaq.az saytı sizə nə təklif edir

3. 729 thoughts on “İş adamlarının diqqətinə!