Bakcell şirkətinin dəstəyi ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar və digər həssas əhali qruplarına aid insanlara dəstək göstərmək məqsədi ilə yaradılan destekolaq.az portalı fəaliyyətini uğurla davam etdirir. Qeyd edək ki, Sosial və Psixoloji Tədqiqatlar Mərkəzi ilə birgə həyata keçirilən sosial layihə çərçivəsində əlverişsiz sosial şəraitdə yaşayan, lakin sahibkarlıq və praktik bacarıqları olan şəxslərin işlə təminatına və ya onların məhsul və xidmətlərinin geniş kütləyə çatdırmasına dəstək göstərilir. Dəstəkolaq.az saytının növbəti qonağı Pirşağı qəsəbəsi 10 nömrəli sanatoriya tipli internat məktəbinin məzunu, “İnternat Məzunlarının Sosial İnteqrasiyası” Gənclər İctimai Birliyinin koordinatoru, kiçik sahibkar Seymur Kazımlıdır.

Salam Seymur, xoş gördük səni, necəsən?

Çox sağ olun, hər zaman yaxşı olasınız.

Destekolaq.az saytı haqqında nə düşünürsən?

Inşallah ki hər şey yaxşı olar. Biz də çalışacağıq ki, həm həyat hekayəmizi həm həyatımızdakı müəyyən çətin mərhələlərlə bağlı sizə qısaca da olsa danışaq.

İstərdik ki öz uğur hekayəni bizimlə bölüşəsən. Hansı sahədə fəaliyyət göstərirsən, hansı nailiyyətlərin olub, gəl bu barədə danışaq…

İlk öncə özümü təqdim edim – mən Seymur Kazımlı “İnternat Məzunlarının Sosial İnteqrasiyası” Gənclər İctimai Birliyinin koordinatoruyam, özüm uşaq evi və internat məktəbində böyümüşəm, uşaq yaşlarından uşaq evinə təhvil verilmişəm. 5 ildən sonra məni Pirşağı qəsəbəsi 10nömrəli sanatoriya tipli internat məktəbinə göndəriblər, internat məktəbini bitirdikdən sonra peşə təhsilimi davam etdirdim. 3 il kompüter mühasibatlığı üzrə oxumuşam. Hərbi xidmətə gedib-qayıtdıqdan sonra isə bizim fəaliyyətimiz dayanmasın deyə “İnternat Məzunlarının Sosial İnteqrasiyası” Gənclər İctimai Birliyinə qoşulduq. Bu təşkilat hər zaman internat məzunlarına dəstək olub. Demək olar ki, internat məzunlarının çoxunu elə bu təşkilar formalaşdırıb. Burada biz bir çox tədbirlər, layihələr, düşərgələr və təlimlərdə iştirak etdik. Psixoloji, biznes və s. mövzularda təlimlərimiz oldu. Uğur hekayələri haqqında bir çox kitablar oxumağa başladıq. Bir müddətdən sonra biz özümüz də fərdi olaraq internat evlərindən olan gənclərimizə, məzunlara layihələr verirdik. Özüm “İntenat məzunlarının sahibkarlıq, informasiya, texnalogiyalar və digər sahələr üzrə peşəkar inkişafına dəstək” layihəsinin qalibi olaraq qrant qazandım. Dövlətimizə təşəkkürümüzü bildiririk ki, bu gün uşaq evləri, internat məzunları tam dövlətin nəzarətindədir. Dövlətimiz məzunlar üçün evlər, binalar tikir, hər bir uşaq evi, internat məzunu öz mənzili ilə təmin olunur. “İnternat Məzunlarının Sosial İnteqrasiyası” Gənclər İctimai Birliyi hər il 10-15 nəfəri Dövlət Neft Şirkətində (SOCAR) işə yönləndirir. SOCAR-a da təşəkkürümüzü bildiririk. Hər il bizim 10-15 gəncimizi nəzərə alaraq işlə təmin edir. Bizim artıq 100-ə yaxın gəncimiz Dövlət Neft Şirkətində çalışır. Elə gənclərimiz də var ki özlərinin kiçik biznes sahələri var. Bu yaxınlarda mən Bakcell-in həyata keçirdiyi  “Gənclərin Karyera və İnkişaf Mərkəzi” layihəsinin qalibi oldum. Həmin layihədə uşaq evləri, internat məzunları və “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası məzunları var idi. Cəmi 21 layihəyə qatıldı və onlardan 3 nəfər öz layihəsi ilə qalib oldu. O üç nəfərdən biri, hətta birincisi elə mən idim. Bakcell-ə təşəkkürümüzü bildirik ki, bu layihəni maliyyələşdirdi və bizə qrant ayrıldı, Bakcell-in sayəsində biz öz biznesimizi qurduq. Mən Masazırda yaşadığımız evlərin yaxınlağında “Floristika Gül Dükanı” adlı öz biznesimi açdım. Bunun nəticəsi olaraq 2 nəfər internat məzunu da həmin dükanda çalışaraq çörək pulu qazanır, yəni tək özüm işləmirəm. Bugünkü bu nəticəmizə görə həqiqətən də Bakcell-ə təşəkkürümüzü bildiririk ki, bizim üçün çox şey elədi, həyatda ən böyük arzumuzdan birini gerçəkləşdirdi. Hər zaman fikirləşirdim ki, mən bir internat məzunuyam, heç vaxt gücüm çatmaz hansısa gül mağazası açıb işlədim… Lakin bu arzular bir gün niyyət və məqsədə çevrildi… Mən bu layihəyə qoşularaq qalib oldum. Biz həmin qrantlar hesabına hələ də mağazamızı işlədirik. Bu bir gül dükanıdır. Gəlin maşınlarının, şadlıq sarayları bəzədilməsi, ad günü buketlərinin hazırlanması, mişkaların bəzədilməsi kimi bir xidmətlə müştərilərin qulluğundayıq.

Necə oldu ki, gül dükanı açmağı qərar verdin?

Gül biznesini açana qədər mən 7-8 ilə yaxın bir müddətdə gül mağazasında satıcı-könüllü kimi işləyirdim. Yəni bir müddət könüllü kimi işlədim daha sonra satıcı kimi… Artıq bu sahədə anlayışım oldu. Biz internat məktəbini bitirdikdən sonra peşə təhsili alanda mən səhərlər oxuyurdum, günorta-axşam isə Rəsul Rza 14 ünvanında gül mağazasında işləyirdim. Bu sahədə inkişaf elədiyimə görə özümü bu işdə görürdüm. Yəqin ki, həyatda ən birinci seçdiyim sahə çiçəkçilik, yəni gül ticarəti olmalı idi. Çünki bu sahəni yaxşı bilirdim və seçimim də elə bu oldu. Əslində bir çox seçim şansı var idi: aşpazlıq, bərbərlik, şirniyyatçı… Mən çiçəkçilik peşəsini seçdim, icra planımı mükəmməl şəkildə yazıb təhvil verdiyimə görə layihənin qaliblərindən biri elan olundum.

İnternat məktəblərinin məzunları və digər həssas əhali qruplarına aid insanlara necə dəstək olmaq lazımdır?

Mən uşaq evi, internat məzunuyam, biz uşaq evini bitirənədək özümüzə çox qapanırdıq, hər dəfə özümüzü və valideyinlərimizi günahlandırırdıq ki, bizim sosial həyatda valideyinimiz yoxdu, heç cür irəli gedə bilməyəcəyik, bizim üçün çətin olacaq, lakin həyat göstərdi ki, bu belə deyil. İnsanın özündən, ikişaf etməyindən, formalaşmasından çox şey asılıdır. Mən fikirləşirdim ki bu həyatı atasız anasız yaşaya bilmərəm, irəliyə gedə bilmərəm, amma həyat atasız anasız da yaşanılır. Onlara demək istəyirəm ki, özlərinə inamları, ümidləri olsun. Biz internat evi uşaqları həyatda tez formalaşmış insanlarıq, çünki çətinliyi daha erkən görürük, o çətinliklər də bizi həyatda formalaşdırır. Bir məsləhətim var – heç vaxt özlərinə qapanmasınlar, özünə inamları azalmasın, hər şey insanın iradəsindən asılıdır. İstəsələr hər şeyə nail ola bilərlər, nələrəsə nail olmaq üçün hər zaman dəstəkçilər də var. İctimai – sosial həyatda fəal olsunlar. Fəallıqları və fəaliyyətləri ilə hər yerdə zirvələrə ucala bilərlər.

Internat məktəbinə necə düşdün?

Mən 2-3 yaşında uşaq evinə verilmişəm. O günləri xatırlamaq çətindir. O uşaq evində 5-ci sinifə qədər oxudum. Məktəbə xəbər gəldi ki, atam vəfat eliyib. Daha sonra məni Pirşağıdakı internat məktəbinə göndərdilər, internat məktəbini bitirdikdən sonra hərbi xidmətə yollandım. Hərbi xidmətdə olduğum vaxtı eşitdim ki, anam vəfat edib. Hərbi xidmətdə bir şeyi başa düşdüm – həyatda hər şey mənim özümdən aslıdır. Mən kimdənsə aslı vəziyyətdə yaşaya bilmərəm, yəni həyat mənə möhkəmliyi öyrətdi. Bir şeyi anladıq ki, biz özümüz nəsə bir addım atmasaq heç kim bizim üçün nəsə edəsi deyil, ona görə öz-özüm üçün sərhədlər və məqsədlər qoydum. Öyrəndim, əyləndim, oxudum, işlədim, çabaladım, əziyyət çəkdim… Bu yerə çatdığıma görə birinci növbədə Allahıma təşəkkür edirəm, ikinci növbədə bu işdə vasitəçi olan insanlara. Mənim üzərimdə bir çox insanların əziyyətləri var, biri Əhəd müəllimdi (red. Sosial və Psixoloji Tədqiqatlar Mərkəzinin rəhbəri Əhəd Kazımov). Mən ilk layihəmi Əhəd müəllimlə başlamışam. Daha sonra “İnternat Məzunlarının Sosial İnteqrasiyası” Gənclər İctimai Birliyinin sədri Araz müəllim. Onun çox böyük əziyyət var. Bu gün də rifah içində yaşadığımıza görə, bizi mənzillə təmin edən dövlətimizə, Azərbaycanın I vitse-prezidenti Mehriban xanım Əliyevaya təşəkkürümü bildirirəm. Heydər Əliyev Fondunun təşəbbüsü ilə valideyin himayəsindən məhrum olmuş uşaqlar üçün mənzillər tikilir. Düzdü, keçmiş günlər çətin idi, amma indi mənim üçün artıq heç bir şey çətin deyil, çünki həyatda formalaşmış bir insanam, cəmiyyətlə ayaqlaşa bilirəm. Hər hansı bir kollektivlə, tədbirlərdə, layihələrdə çox gözəl iştirak edirik, öyrənirik.

Gələcək planların barədə nə deyə bilərsən?

Istərdik ki, işlədiyimiz biznesi biraz da inkişaf etdirək, 2-3 mağazamız olsun. Hansısa internat məzunlarına, valideyin himayəsindən məhrum olmuş məzunlara tam dəstək olaq. Hər zaman məqsədim bu olub. Heç vaxt köməyə ehtiyacı olan internat evinin məzununa biganə qalmaq istəməmişəm. Gələcəkdə bir çox layihələr nəzərdə tutmuşuq. İnternat məzunlarını bir neçə iş sahəsinə yönləndirərək əmək fəaliyyəti ilə təmin etmək niyyətindəyik.

Nə vaxtdan bəri ailə qurmusan?

Artıq 2 ildir ailəliyəm. Bir qız övladım var. Artıq 1 yaşı tamam oldu. Ailə insana həyatda ən böyük dəstəkdir. Ailəsiz də insan heç bir şey edə bilməz. Ailə ən əsas faktorlardan biridir. Hər bir insana ən böyük dəstək verən ailədir.

Destekolaq.az komandasına nə arzu edirsən?

Fəaliyyətinizdə uğurlar arzu edirik. Sağ olun ki, bizim gənclərimizə, məzunlarımıza bu diqqəti göstərirsiniz. Hər zaman var olun. İnşallah məzunlarımız sizin layihəniz sayəsində işlə təmin olunacaqlar. Buna görə sizə təşəkkürümüzü bildiririk.