Destekolaq.az saytı sizi maraqlı həyat hekayələri ilə tanış etməkdə davam edir. Nə qədər çətin olsa da bu dəfəki qəhrəmanımız Əhməd Heydərov ayaqda dayanmağı bacarıb. Bir neçə il öncə həyatının ən acı sınağı ilə üz-üzə qalan Əhməd yerimə qabiliyyətini itirib. Bundan sonra onun gələcəklə bağlı bütün ümidləri demək olar ki, puç olmuşdu. Lakin Əhməd, ümidini heç vaxt itirmir. Yalnız özünə arxalanmağı və öz zəhməti ilə çörək pulu qazanmağı qarşısına məqsəd qoyan həmsöhbətimiz öz istəyinə nail ola bilib. Hazırda Əhməd Heydərov sosial media marketinqi sahəsində uğurla fəaliyyət göstərir. Bu yaxınlarda onun həyatında demək olar ki, dönüş nöqtəsi oldu. O, sevdiyi xanımla ailə həyatı quraraq bütün çətinliklərə meydan oxudu. Etiraf etməliyik ki, onun bu addımı çoxları qarşısında keçilməz maneə kimi görünə bilər. Lakin Əhməd bunu bacarıb. Hazırda onun yeganə istəyi ayaq ütsə qalxaraq doğmalarını sevindirməkdir. “Öz ayaqları üstündə yeriyənlə arabada gəzəni yalnız bir şey fərqləndirir: biri öz ayaqları ilə gəzir, biri isə arabanın köməkliyi ilə. Fakt odur ki, ikisi də yeriyir, fərqi yoxdur.” – deyə Əhməd hesab edir.

– Salam Əhməd, xoş gördük səni, necəsən?
– Salam, təşəkkür edirəm, yaxşıyam! Siz yaxşı olun!

– Destekolaq.az portalı ilə bağlı fikirlərin…
– Düşünürəm ki, yaxşı ideyadır. Bu saytın bu qəbildən olan insanlara bir köməyi, dəstəyi olarsa lap əla olar. Ümid edirəm ki, biz də bundan yararlanarıq.

– İstərdik ki, sənin uğur hekayənlə tanış olaq…
– Mən daha əvvəlki vaxtlarımda (red. Əhməd yeniyetmə yaşlarında ikən əlil arabasına məhkum olub) də işləyib pul qazanmağı sevmişəm. 14 yaşında olanda tətil vaxtı şadlıq saraylarının birində ofisiant köməkçisi işləmişəm. 2006-cı ildə qəfildən beyin qansızması keçirdim və 14 sutka komada qaldım. Komadan ayıldıqdan sonra əllərim və qollarım işləmədi, sonradan müntəzəm idmanla açıldı. Təbii ki, valideyinlərim mənə hər cür kömək edirdilər, mən isə onlara çox əziyyət verməmək üçün kompüter aldım və çalışmağa başladım. 2010-11-ci illərdən çalışıram. İnternet aləmində işləməmişdən öncə bu sahədən bir qədər anlayışım var idi, bir müddət dostumun saytında kontent meneceri kimi çalışırdım. Vəzifəm sayta xəbərlər yerləşdirirmək idi. Sonra pul qazanmaq lazım idi, artıq valideyinlərdən üzüm qəlmirdi hər dəfə pul almaq. Ona görə bir tanışım vasitəsilə tədris mərkəzlərinin birində işə başladım. Şirkətin məhsullarını FB vasitəsi ilə reklam edirdim. 50 manat aylıq əmək haqqı alırdım. Sonradan 150-ə qaldırıldı. Lakin bəzi problemlər səbəbi ilə ordan çıxmalı oldum. Yenə bir müddət işsiz qaldım və fikirləşdim ki, Facebok-da elan verim. Belə də elədim. Elandan sonra iş təklifləri gəldi. Hazırda 2013-cü ildən düzəldiyim Azərbaycan Xalça Muzeyində çalışıram. Sonradan iş fəaliyyətimi genişləmdirdim. Hətta Gürcüstan turizm şirkətində də çalışdım il yarım. Yani mən işləməyi sevirəm, təki iş və maaş olsun.

– Çətin məqamlarda sənə stimul verən nədir?
– Çətin anlarda özüm-özümə stimul verirəm. Hərdən olur bezirəm, yoruluram, ancaq sonra özümə gəlib davam edirəm.

– Səhhətindəki problemlər nə vaxtdan üzə çıxıb?
– 2006-cı ildən yaranıb, beyin qansızması baş nəticəsində beynimdəki bütün hüceyrələr zədələnib. Əllərim, qollarım işləmirdi. Hətta başımı saxlaya bilmirdim. İllərlə evdə, bərpa mərkəzlərində etdiyim idman sayəsində əllərimi, qollarımı yenidən hərəkətə gətirə bildim. Boynumu tuturam, əlil arabasından yatağa keçə bilirəm, həmçinin yataqdan əlil arabasına sərbəst otururam. Bir gəzmək qalıb, onu da, dayanmıram, evdə də olsa idmanlarımı edirəm, lakin ayağa qalxmaq üçün əcnəbi həkimlərin güclü dəstəyi olmalıdır. Müalicəm Almaniyada mümkündür, lakin buna mənim imkanım çatmır. Deyilənə görə, Almaniyada müalicəmin bir kursu 26 min avroya başa gəlir. Mən isə ən azı 3-4 kurs müalicə almalıyam. Təəssüf ki, müalicəmi həyata keçirmək üçün nə qədər dəstəkçi axtarsamda tapa bilmirəm.

– Fiziki məhdudiyyət sənin üçün nə deməkdir?
– Fiziki məhdudiyyət adından da göründü kimi, hər şeydə insanı məhdudlaşdırır. Sənin üçün hər şey gərək xüsusi ola. Bu, təbii ki, çətin bir şeydi, ən əsas da bizim millətimiz bunu qəbul edə bilmir və ya görmək istəmir, nə bilim… Öz ayaqları ilə yeriyəni arabada gəzənlə yalnız bir şey fərqləndirir, biri ayaqları ilə gəzir biri isə arabayla, fakt ikisi də yeriyir, yəni fərq yoxdur.

– Bu yaxınlarda ailə həyatı qurmusan, təəssüratlarınla bölüşə bilərsən?
– Bəli, sevdiyim, gözəl qəlbli, gözəl xasiyyətli bir xanımla ailə həyatı qurmuşam. Mənə həyatda dəstək olan bir insan da artı və bu çox gözəl şeydir. Çalışırıq ki, ayağa durub gəzim inşallah!

– Hazırda fəaliyyətin nədən ibarətdir?
– Hal-hazırda qeyd etdiyim kimi işləyirəm, evdə idmanlarımı edirəm. Çalışıram ki, heç kimdən geri qalmayım. Gəzməmək hər şeyin sonu deyil. Ayaqlarda, bədəndə hissiyat var, hərəkət var. Tamlıqla yeriyən bir insan kimiyəm. Çalışıram ki, idmanlarla ayağa durum, gəzim, mən də hər kəsi sevindirim, ən əsas da doğmalarımı, anamı, həyat yoldaşımı, bacımı və atamı!

– Hacı Nuranla dotluğunuz barədə nə deyə bilərsən?
– Hacı Nuranla mən elə xəstələnən il tanış olmuşam. Bizə gəlmişdir, bilmirəm necə xəbər tutmuşdu. Elə o vaxtdan indiyədək dostluq edirik.

– Destekolaq.az saytına nə arzu edirsən?
– Destekolaq.az saytına fəaliyyətində ancaq uğurlar və xeyirli işlər arzu edirəm! Oxuculara da sizə də minnətdaram!